🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çexiya Baş nazirinin Bakıya səfəri iki ölkə arasında strateji əməkdaşlığı gücləndirir

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsi mühüm istiqamət olaraq qalır və bu baxımdan Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri xüsusi əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Samir Vəliyevin sözlərinə görə, bu səfər Azərbaycanın yalnız Çexiya üçün deyil, bütövlükdə Avropa İttifaqı üçün də vacib tərəfdaş olduğunu bir daha təsdiqləyir. O bildirib ki, Azərbaycan müstəqillik illərindən etibarən Çexiya ilə diplomatik münasibətlər qurub və 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu əlaqələri yeni mərhələyə daşıyıb.
Deputatın sözlərinə görə, həmin sənəd siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əsas yol xəritəsi rolunu oynayıb, həmçinin beynəlxalq hüququn prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə qarşılıqlı dəstəyin mövcudluğu tərəfdaşlığın dayanıqlığını göstərir.
Samir Vəliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, iki ölkə arasında fəal siyasi dialoq mövcuddur və keçirilən yüksək səviyyəli görüşlərdə regional və qlobal məsələlər müzakirə olunur. Onun sözlərinə görə, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün ciddi potensial mövcuddur.
Deputat əlavə edib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon dollardan çoxdur, lakin bu göstəricidə əsas payın neft ixracına düşməsi struktur baxımından balanssızlıq yaradır. Azərbaycan tərəfi ticarət əlaqələrinin daha şaxələndirilmiş və dayanıqlı olmasını hədəfləyir.
Enerji əməkdaşlığına toxunan deputat bildirib ki, Azərbaycan Çexiya üçün etibarlı enerji tərəfdaşıdır və Azərbaycan nefti bu ölkənin enerji balansında mühüm yer tutur. Hazırda Azərbaycanın qazı 16 ölkəyə ixrac edilir, onlardan 10-u Avropa İttifaqına üzvdür.
Çexiyanın Baş naziri Andrey Babiş isə səfər çərçivəsində Azərbaycanın strateji tərəfdaş ölkə olduğunu vurğulayaraq, ikitərəfli münasibətlərin dostluq və qarşılıqlı maraqlara əsaslandığını bildirib. O qeyd edib ki, Azərbaycan regionda və beynəlxalq miqyasda mühüm mövqeyə malikdir və ölkələr arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.
Qeyd olunub ki, Azərbaycan-Çexiya biznes forumunda 50-yə yaxın Çexiya şirkətinin iştirakı da iqtisadi əlaqələrə artan marağın göstəricisidir.
Sonda bildirilib ki, Çexiya Baş nazirinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin daha da dərinləşməsinə və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına mühüm töhfə verəcək.