Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” 31 oktyabr 2025-ci il tarixli qanunun tətbiqi və ondan irəli gələn məsələlərin tənzimlənməsi barədə 3 dekabr 2025-ci il tarixli fərmana dəyişiklik edib.
Modern.az-ın məlumatına əsasən, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Sənədə əsasən, İqtisadiyyat Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) dövlət xidmətlərinin təşkili sahəsində yeni səlahiyyətlər əldə edib.
Dəyişikliyə görə, istifadəçi üçün vahid hüquqi nəticə yaradan və bir neçə dövlət xidmətindən ibarət olan inzibati icraatlar İqtisadiyyat Nazirliyi tərəfindən, vahid xidmət mərkəzləri çərçivəsində isə “ASAN Xidmət” tərəfindən əlaqələndiriləcək.
Eyni zamanda, dövlət xidmətlərinin göstərilməsi zamanı həmin xidmətlərlə yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən əlavə xidmətlər təqdim olunduğu hallarda onların siyahısı xidmət təminatçısı və “ASAN Xidmət” tərəfindən müəyyən edilən qurumun rəsmi internet informasiya resursunda yerləşdiriləcək və mütəmadi yenilənəcək.
Qeyd edilib ki, bu dəyişiklik dövlət xidmətlərinin daha çevik, şəffaf və əlaqələndirilmiş şəkildə təşkilini hədəfləyir.
