Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu bazar günü keçiriləcək “Bakı Marafonu 2026”ya 25 min nəfər qeydiyyatdan keçib.
Məlumata görə, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan iştirakçılar da birincilik uğrunda mübarizə aparacaqlar.
Təşkilatçılar bildirirlər ki, ənənəvi olaraq bu il də fiziki məhdudiyyətli şəxslər, o cümlədən Daun sindromlu iştirakçılar marafona qatılacaqlar.
Qeyd edək ki, aprelin 26-da keçirilən London marafonunda yeni nəticə qeydə alınıb. Keniyalı atlet Sebastian Save 42,195 km məsafəni 1 saat 59 dəqiqə 30 saniyəyə qət edərək qalib olub və dünya rekordunu yeniləyib. Qadınlar arasında isə efiopiyalı Tigst Assefa 2 saat 15 dəqiqə 41 saniyə nəticə ilə birinci yeri tutub.
Bildirilib ki, mayın 3-də keçiriləcək Bakı marafonu bu il ilk dəfə 42 km məsafəni əhatə edəcək. Yarışın start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş isə Sea Breeze ərazisi olacaq. Kişi və qadın iştirakçılar ilk üçlük uğrunda mübarizə aparacaqlar.
