Azərbaycan.media xəbər verir ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının müəssisələrində elmin populyarlaşdırılması və tədris prosesinə inteqrasiyası istiqamətində növbəti seminar təşkil olunub.
İnstitutdan saytımıza verilən məlumata görə, tədbirdə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Xəzər Universitetinin tələbələri, eləcə də “Könüllülük” layihəsinin iştirakçıları iştirak ediblər.
Seminar çərçivəsində Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi Samirə Əliyeva “Azərbaycan əlyazma kitabı” mövzusunda mühazirə ilə çıxış edib. O, Azərbaycan əlyazma irsinin zənginliyi, xarici muzey və kitabxanalarda qorunan azərbaycanlı müəlliflərin əlyazmaları, həmçinin Vatikan Məxfi Arxivlər Kitabxanası və Vatikan Apostolik Kitabxanasında saxlanılan Azərbaycanla bağlı nadir nümunələr barədə geniş məlumat verib.
Mühazirədə UNESCO-nun “Dünya Yaddaşı” siyahısına daxil edilən və Əlyazmalar İnstitutunda mühafizə olunan beş unikal əlyazma da xüsusi olaraq diqqətə çatdırılıb. Bunlar Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” (“Nizamşahın ehtiyatları”), Əbülqasım Zəhravinin “Əl-məqələtus-səlasim” (“Otuzuncu traktat”), İbn Sinanın “Əl-qanun fit-tibb” (“Tibbi qanun”), Məhəmməd Füzulinin anadilli “Divan”ı və xan qızı Xurşidbanu Natəvanın “Gül dəftəri” əsərləridir.
Qeyd olunub ki, bu kimi seminarların keçirilməsində əsas məqsəd tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların nəzəri biliklərinin praktik müstəvidə gücləndirilməsi və ixtisas hazırlığının yüksəldilməsidir. Təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilən seminarların may ayının sonunadək davam etdirilməsi planlaşdırılır.
