Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova “Azərbaycan ədəbiyyatı xaricdə” layihəsini uzun illər ehtiyac duyulan və vaxtında ortaya çıxan təşəbbüs kimi qiymətləndirib.
Deputat bildirib ki, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində görünməməsinin səbəbi istedad və mətn çatışmazlığı deyil, sistemli və davamlı tərcümə, təqdimat və yayım mexanizmlərinin olmamasıdır. Ayrı-ayrı müəlliflərin və təsadüfi layihələrin nəticələri ümumi mənzərəni dəyişmək gücündə deyildi.
“Layihə düzgün qurularsa, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı ilə dialoqa girməsi üçün real platformaya çevrilə bilər. Burada əsas məsələ yalnız əsərlərin xarici dillərə çevrilməsi deyil, onların hansı dildə, hansı auditoriya üçün, hansı nəşriyyatlar və ədəbi mühitlər vasitəsilə təqdim olunmasıdır. Keyfiyyətli ədəbi tərcümə, peşəkar redaktə, beynəlxalq nəşriyyatlarla əməkdaşlıq və ədəbi agentlik mexanizmləri paralel işləməlidir”, – E.Akimova vurğulayıb.
Deputat layihənin klassik irsə və müasir Azərbaycan ədəbiyyatına bərabər diqqət yetirməsinin vacibliyini qeyd edib: “Dünya oxucusu üçün ölkənin bugünkü düşüncə tərzi, estetik axtarışları, sosial və mədəni problemləri daha maraqlıdır. Eyni zamanda, elmi və esseistik mətnlərin layihədə yer alması Azərbaycanın intellektual potensialını tanıtmaq baxımından əhəmiyyətlidir”.
O, əlavə edib ki, təşəbbüs şəffaf seçim prinsipləri, müstəqil ekspert rəyi və açıq müsabiqə mexanizmləri əsasında həyata keçirilsə, həm ədəbiyyat adamlarında inam yaradacaq, həm də layihəni formal deyil, yaşayan bir prosesə çevirəcək. Belə halda Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatında ekzotik hadisə deyil, öz səsi, mövzuları və estetikası ilə bərabərhüquqlu iştirakçı kimi qəbul edilə bilər.
Deputat yekun olaraq bildirib: “Bu təşəbbüs Azərbaycan ədəbiyyatının beynəlxalq mövqeyini gücləndirə, onu qapalı milli mühitdən çıxarıb qlobal ədəbi dövriyyəyə daxil edə bilər. Amma bunun üçün layihə kampaniya xarakterli deyil, uzunmüddətli mədəni strategiyanın tərkib hissəsi kimi həyata keçirilməlidir.”
