Azərbaycan.media xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin Ceffri Epşteyn işi üzrə 3 milyondan çox yeni sənədi ictimaiyyətə açıqlamasından sonra milyarder Bill Geytsin adı yenidən gündəmə gəlib.
Məlumata görə, Bill Geyts Avstraliyanın “9 News” telekanalına verdiyi müsahibədə Epşteynlə bağlı yayılan iddialara münasibət bildirib. O, 2011–2014-cü illərdə Ceffri Epşteynlə bir neçə dəfə görüşdüyünü və birlikdə şam yeməklərində iştirak etdiyini təsdiqləyib.
Geytsin sözlərinə görə, Epşteyn həmin dövrdə özünü varlı və nüfuzlu şəxslərlə əlaqələri olan, qlobal səhiyyə sahəsi üçün maliyyə cəlb edə bilən biri kimi təqdim edib.
Microsoft-un həmtəsisçisi geriyə baxdıqda bu əlaqəni “çıxmaz yol” adlandırıb və Epşteynlə vaxt keçirməsini “axmaqlıq” kimi dəyərləndirib. O, bu tanışlığa görə peşman olduğunu vurğulayıb.
Bill Geyts açıqlamasını belə yekunlaşdırıb: “Onunla keçirdiyim hər an mənə bunu xatırladır. Peşmanam və etdiklərimə görə üzr istəyirəm”.
