Azərbaycan.media xəbər verir ki, erməni politoloq Styopa Safaryan Rusiyanın Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində addımları və Azərbaycanla sülh prosesinin irəliləməsindən narahat olduğunu bildirib.
Onun sözlərinə görə, Moskva regionda proseslərin dayanmadığını, əksinə, inkişaf etdiyini görür və bu, Rusiya rəsmilərində açıq narahatlıq yaradır: “Putinin deyə bilmədiklərini medvedevlər və marqaritasimonyanlar daha kobud şəkildə ifadə edir, sanksiyalarla hədələyirlər”.
Safaryan qeyd edib ki, Rusiya Ermənistan üzərində istədiyi təsiri göstərə bilməsə, müxtəlif təzyiq vasitələrinə əl ata bilər. Onun ehtimallarına görə, Moskva Ermənistandakı qərarlara təsir edə bilməyən biznes dairələrini cəzalandıra, enerji sahəsində məhdudiyyətlər tətbiq edə və ya nəqliyyat yolları ilə bağlı addımlar ata bilər.
Politoloq əlavə edib ki, belə addımların atılması əks effekt verə, hətta Rusiyaya qarşı mənfi ictimai rəyin formalaşmasına səbəb ola bilər.
