🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir

Azərbaycan.media xəbər verir ki, Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi mövqeyini daha da möhkəmləndirir.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev səsləndirib. Onun sözlərinə görə, ölkəmiz həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir və strateji tərəfdaşlarının sayı artır.
Deputat bildirib ki, Azərbaycanın xarici siyasətində İtaliya ilə münasibətlər xüsusi yer tutur. O qeyd edib ki, iki ölkə arasında əlaqələr qarşılıqlı hörmət və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Bu baxımdan, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə son səfəri münasibətlərin daha da inkişaf etdiyini göstərir.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan və İtaliya arasında 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri əlaqələrin əsasını təşkil edir və bu sənədlər real əməkdaşlıqda öz əksini tapır.
Samir Vəliyev əlavə edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Azərbaycan həmçinin İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır və qaz ixracında əsas tərəfdaşlardan biridir.
Bununla yanaşı, İtaliya şirkətləri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq layihələrində fəal iştirak edir. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində isə Bakıda İtaliya-Azərbaycan Universitetinin açılması mühüm addım kimi qiymətləndirilir.
Deputat vurğulayıb ki, bütün bu faktlar Azərbaycan–İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində davamlı şəkildə inkişaf etdiyini göstərir.