Azərbaycan.media xəbər verir ki, Azərbaycan televiziya məkanında fərqli üslubu, sərt efir davranışı və prinsipial mövqeyi ilə seçilən aparıcılardan biri Rövşanə Ağasəfqızıdır. Uzun illərdir televiziya sahəsində fəaliyyət göstərən aparıcı həm tamaşaçı auditoriyası, həm də media ictimaiyyəti tərəfindən “dəmir ledi” obrazı ilə tanınır. Onun efirdə formalaşdırdığı üslub sadəcə aparıcılıq deyil, eyni zamanda açıq mövqe nümayişi kimi dəyərləndirilir.
Rövşanə Ağasəfqızı özü də bu fərqliliyi etiraf edir və bildirir ki, efirdə gördüyümüz obraz ilə real həyat arasında ciddi fərq var. Onun sözlərinə görə, efirdə daha sərt, bir qədər intriqa və konflikt yaradan bir obraz formalaşıb: “Efirdə fərqli olsam da, əslində həyatda elə deyiləm. Efir obrazım daha sərt, bir az intriqant və konflikt yaradan bir obrazdır.” Aparıcı hesab edir ki, bu imic məqsədli şəkildə qurulmayıb, zamanla efir mühiti tərəfindən formalaşıb.
Onun sözlərinə görə, şəxsi həyatında daha mülayim, insanlarla ünsiyyətə açıq bir xarakterə sahibdir. Lakin televiziya mühiti və efir qaydaları bəzən daha sərt mövqe tələb etdiyindən, bu da onun ekran obrazını formalaşdırıb. Nəticədə “çətin aparıcı” imici də zamanla daha da güclənib.
Rövşanə Ağasəfqızı aparıcılığın yalnız sual-cavab prosesi olmadığını, ciddi hazırlıq və peşəkarlıq tələb etdiyini vurğulayır. Onun sözlərinə görə, hər verilişə ciddi şəkildə hazırlaşır və qarşısındakı fikirlərə çəkinmədən mövqe bildirir. Bu yanaşma bəzən qonaqlar üçün rahat olmur və aparıcı özü də etiraf edir ki, bu səbəbdən bəzi şəxslər efirə çıxmaqdan çəkinirlər.
Aparıcı televiziya mühitində mövcud problemlərə də toxunur. Onun fikrincə, redaktor hazırlığının zəifliyi və peşəkarlıq çatışmazlığı verilişlərin keyfiyyətinə ciddi təsir göstərir. O, xüsusilə reytinq məsələsini tənqid edərək bunu televiziya üçün ciddi problem kimi qiymətləndirir və qeyd edir ki, reytinq uğrunda aparılan yarış bəzən məzmunu arxa plana keçirir.
Rövşanə xanım müsahibələrin birində şəxsi həyatından da bəhs edib. Deyir ki, ” valideynlərimi böyük kədər hissi ilə xatırlayıram və bu itkilər mənim həyatıma dərin təsir göstərir. Bu acı hadisələr onun dünyaya baxışını dəyişib və emosional olaraq onu daha həssas edib.
Rövşanə Ağasəfqızı etiraf edir ki, efirdə yaratdığı “dəmir ledi” imici bəzən şəxsi münasibətlərinə də təsir edir. İnsanlar onun ekran obrazına görə ehtiyatlı davranır, bu isə sosial mühitdə müəyyən məsafə yaradır. Buna baxmayaraq, o, həyatda daha yumşaq və ailəsinə bağlı bir insan olduğunu bildirir.
Aparıcı üçün ən böyük dəyər ailə və xüsusilə övladıdır. Onun həyat prioritetlərini və qərarlarını məhz bu bağlılıq müəyyən edir.
Ümumilikdə Rövşanə Ağasəfqızı Azərbaycan televiziyasında təkcə aparıcı kimi deyil, həm də fərqli düşüncə tərzi və sərt efir üslubu ilə seçilən simalardan biri kimi xarakterizə olunur. Onun ekran obrazı birmənalı qarşılanmasa da, peşəkarlığı və prinsipiallığı onu fərqləndirən əsas xüsusiyyətlərdəndir. Efirdə gördüyümüz obraz çox zaman insanın real həyatı deyil, zamanla formalaşmış bir televiziya kimliyidir.

Müəllif: Fuad Biləsuvarlı — AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media
