Azərbaycan.media xəbər verir ki, Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur. Bu dəyişikliklərin inflyasiya səviyyəsi və əmək məhsuldarlığı ilə necə uzlaşdırılacağı, eləcə də minimum əməkhaqqının mütəmadi artırılmasının uzunmüddətli dövrdə dövlət büdcəsi və özəl sektor üçün hansı risklər və imkanlar yaradacağı müzakirə olunur.
Globalinfo.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, minimum əməkhaqqının hər il artırılması makroiqtisadi baxımdan Azərbaycan üçün sərfəlidir, lakin bu addımın praktiki təsiri məhduddur. Onun sözlərinə görə, hazırda minimum əməkhaqqı 400 manat olsa da, faktiki olaraq bu məbləğlə işləyənlərin sayı azdır:
“Əgər minimum əməkhaqqı hər il artırılacaqsa, VÖEN-lə çalışan 700-800 min nəfərin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədiyi məbləğ də avtomatik olaraq artacaq. Yəni minimum əməkhaqqının yüksəlməsi sosial müdafiə yükünün artmasına səbəb olur. Bu asılılıq qanunvericilikdən çıxarılmalıdır. Yalnız bu halda minimum əməkhaqqının mütəmadi artırılması real mənada müsbət nəticə verə bilər”.
İqtisadçı Əkrəm Həsənov isə bildirib ki, Azərbaycanda minimum əməkhaqqına vaxtaşırı baxılsa da, mövcud yanaşma kifayət deyil. O qeyd edib ki, ölkədə Avropa Sosial Xartiyasının tələbləri tətbiq olunmur:
“Həmin sənədə əsasən, minimum əməkhaqqı ölkə üzrə orta əməkhaqqının ən azı 60 faizi olmalıdır. Son rəsmi məlumatlara görə, ötən ilin sonunda Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 1000 manat təşkil edib. Bu məbləğin 60 faizi isə 600 manatdır. Lakin hazırkı minimum əməkhaqqı bu göstəricidən xeyli aşağıdır. Ona görə də maaşların mərhələli şəkildə lazımi səviyyəyə çatdırılması vacibdir. Bu, ciddi və sistemli yanaşma tələb edən məsələdir”.
Qeyd edək ki, indiyədək Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda minimum əməkhaqqının məbləğinə rəsmi olaraq ildə bir dəfə baxılması ilə bağlı konkret öhdəlik mövcud olmayıb. Yeni dəyişiklik məhz bu qanunvericilik boşluğunun aradan qaldırılmasını hədəfləyir.
