Azərbaycan.media xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.
İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova Şuranın həyata keçirdiyi işlərin nəticələri barədə məlumat verib. Bildirilib ki, ötən dövr ərzində Ekspert Şurası tərəfindən 500 abidə və yeni aşkar edilmiş nümunə müzakirə olunub, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınmışdır.
2025-ci ildə Binəqədi rayonu üzrə dövlət mühafizəsində olan 8 abidənin məlumatlarında düzəlişlər aparılıb, həmin ərazidə yerləşən 7 və işğaldan azad olunmuş ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib. Həmçinin Nazirlər Kabinetinin 9 yanvar 2026-cı il tarixli 6 nömrəli Qərarı ilə 87 abidənin məlumatlarında düzəlişlər edilib.
Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib. Bildirib ki, iclasda 41 tarixi və memarlıq əhəmiyyəti daşıyan obyektin dövlət mühafizəsinə götürülməsi məsələsi Şura üzvlərinin diqqətinə təqdim olunub.
İclasda Astara, Xaçmaz, Xızı, Qobustan, Quba, Qusar, Lənkəran, Neftçala, Siyəzən, Şabran, Ucar və Tərtər rayonları, eləcə də Bakı və Sumqayıt şəhərləri üzrə ümumilikdə 41 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə alınması müzakirə edilib. Şura üzvlərinin rəy və təklifləri dinlənildikdən sonra tarixi və memarlıq əhəmiyyəti daşıyan obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq qərarlar qəbul edilib.
