Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Novruzəli Aslanov aia.az-a verdiyi açıqlamasında Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışını şərh edib.
Deputat bildirib ki, Azərbaycan fərqli mədəniyyət və dinlərin əsrlər boyu dinc yanaşı yaşadığı ölkə modeli ilə müasir dövrdə də tolerantlıq və sülh mədəniyyətini praktik olaraq reallaşdırır. Prezident İlham Əliyevin çıxışı bu modelin beynəlxalq münasibətlər sistemindəki əhəmiyyətini nümayiş etdirib və mükafatın arxasında dayanan insan qardaşlığı, qarşılıqlı anlaşma və dialoq ideyalarını vurğulayıb.
Novruzəli Aslanov əlavə edib ki, dövlət başçısının çıxışında dinlərarası dialoqa xüsusi yer ayrılması beynəlxalq ictimaiyyətə mühüm mesajdır: “Prezident İlham Əliyev Əl-Əzhərin böyük imamı doktor Əhməd Əl-Tayyibə və Roma Papası Zati-müqəddəsləri Leoya təşəkkür ifadə edərək dini liderlərin sivilizasiyalararası münasibətlərdə roluna yüksək dəyər verdiyini göstərdi. Bu yanaşma göstərir ki, qlobal sülh yalnız siyasi qərarlarla deyil, mənəvi liderliyin və qarşılıqlı anlayışın gücləndirilməsi ilə təmin olunur. Azərbaycan bu prosesdə dialoqu təşviq edən, qarşıdurmanı deyil, anlaşmanı önə çəkən mövqeyi ilə seçilir”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin “biz Ermənistanla sülh şəraitində yaşamağı öyrənirik” fikri sülhə yanaşmanın mahiyyətini açan mühüm tezisdir. Sülh bir anda əldə olunan nəticə deyil, qarşılıqlı etimadın, psixoloji baryerlərin aradan qaldırılmasının və uzunmüddətli əməkdaşlıq mədəniyyətinin formalaşması prosesidir.
Novruzəli Aslanov vurğulayıb ki, 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi üçtərəfli Zirvə Görüşündən sonra keçən altı ay Azərbaycanla tərəfdaş ölkələr arasında dialoqun dərinləşməsi və qarşılıqlı anlayışın möhkəmlənməsi baxımından mühüm dövr olub. Prezident İlham Əliyevin Əbu-Dabidəki çıxışı Azərbaycanın beynəlxalq müstəvidə sülhü yalnız siyasi razılaşma deyil, mədəni, mənəvi və insani dəyərlərə söykənən davamlı proses kimi qəbul etdiyini göstərir.
