🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Alman analitik: Putinin “qış terroru” Ukraynada nəticə vermir

Azərbaycan.media xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Yulian Röpke bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynanın mülki əhalisinə qarşı həyata keçirdiyi “qış terroru” uğursuz olub və cəbhədə Rusiya hücumu demək olar ki, dalana dirənib.

Röpke qeyd edib ki, bu qış Putinin uzunmüddətli məqsədi qismən də olsa Ukraynalıları “qaranlığa və soyuğa qərq etmək” və onları kapitulyasiyaya məcbur etmək olub. Rusiya raket və “terrorçu dron” istehsalını artırdığı bir vaxtda, Ukrayna demək olar ki, bütün hava hücumundan müdafiə (HHM) raket ehtiyatlarını tükədib.

“Buna baxmayaraq, Putinin strategiyası işə yaramır. Milyonlarla insana qarşı gündəlik terrora rəğmən, ukraynalıların əksəriyyəti möhkəm dayanır və Rusiyanın istədiyi kimi hökumətindən cəbhədə kapitulyasiya və Donbasdan imtina tələb etmir”, – deyə Röpke vurğulayıb.

Analitik əlavə edib ki, Rusiya hər gün Ukrayna dronları, soyuq və aclıq səbəbindən yüzlərlə əsgər itirir. Nəticədə son iki həftədə Rusiya ordusu Zaporojye vilayətində yalnız üç kiçik kəndi ələ keçirə bilib. Donbasda cəbhə nisbətən sabit qalıb, Xarkov istiqamətində isə Rusiya Baş Qərargahı şəhər və kəndlərin ələ keçirilməsi barədə uydurma məlumatlar yaymağa başlayıb.

“Ümumilikdə, müharibənin dördüncü ilinin sonuna yaxın Rusiya hücumu demək olar ki, iflasa uğrayıb: mülki əhaliyə qarşı kütləvi terrora və şaxtalara baxmayaraq, Ukraynanın effektiv müdafiəsi sayəsində. Rusiya nə qədər amansız davransa da, Putin Ukraynanın müqavimət iradəsini və cəbhə xəttini qıra bilmir”, – Röpke bildirib.