🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda məşhur sənətkar Cili və Mark Şatnerin “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açılıb

Azərbaycan.media xəbər verir ki, fevralın 4-də Heydər Əliyev Mərkəzində məşhur britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatnerin (“Gillie & Marc Schattner”) “Vəhşi təbiətin super qəhrəmanları” adlı sərgisinin açılışı olub. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bakı sərgisi müəlliflərin bugünkü qədər təqdim etdikləri ən böyük layihədir. Vəhşi təbiətin fədakar müdafiəçiləri kimi tanınan Cili və Mark Şatner incəsənəti təbiətin qorunması üçün mühüm platformaya çeviriblər. Sərgi vəhşi təbiətin qarşılaşdığı problemləri gündəmə gətirməklə yanaşı, tamaşaçıya cəsarət və ümid dolu baxış bucağı təqdim edir.

Heykəltaraş Cili Şatner jurnalistlərə bildirib ki, sərginin əsas missiyası sənət vasitəsilə vəhşi təbiəti qorumaq və sevgi mesajlarını yaymaqdır:

“Dünyanın müxtəlif ölkələrinə səyahətlərimiz zamanı əldə etdiyimiz təcrübələr əsasında tamaşaçıları nəsli kəsilməkdə olan heyvanları qorumağa təşviq edirik. Bütün sərgi əsərləri real həyatda gördüyümüz heyvanlara əsaslanır”, – deyə o vurğulayıb.

Heykəltaraş Mark Şatner isə Azərbaycanda və Bakıda təbiətin qorunmasına verilən xüsusi önəmi qeyd edib:

“Burada təbiətlə dərin və səmimi bağlılıq var. Söhbətlərimiz zamanı Azərbaycanın vəhşi təbiətin və ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi dəyərli təşəbbüslər barədə məlumat aldıq. Bu, bizi ölkəyə cəlb edən əsas səbəblərdən biridir”, – deyə o bildirib.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgidə 100-ə yaxın əsərin nümayiş etdirildiyini bildirib və heykəltaraşların əsərlərinin dünyanın bir çox ölkəsində sərgiləndiyini vurğulayıb. Onun sözlərinə görə, layihənin unikallığı müəlliflərin təbiətin qorunmasına verdiyi önəmdə və yaratdıqları işlərin təsirində özünü göstərir. Sərgi bir ildən artıq müddət ərzində fəaliyyət göstərəcək.

Cili Şatner sərginin onlar üçün adi layihə olmadığını, təbiətə sevgilərinin ümumi təntənəsi olduğunu qeyd edib:

“Bu sərgi ilə qəlblərimizi, hekayələrimizi və danışa bilməyən heyvanların səsini insanlara çatdırmaq istəyirik. İncəsənət qəlbləri birləşdirən ən güclü vasitədir”.

Mark Şatner isə Azərbaycana ilk dəfə gəldiklərini və Heydər Əliyev Mərkəzində belə möhtəşəm bir məkanda sərginin açılışının onlar üçün böyük sevinc olduğunu bildirib. O əlavə edib ki, əsərlər tamaşaçıya həm emosional, həm də fiziki təmas qurmağa imkan verir.

Heykəltaraşlar həmçinin öz tanışlıq və yaradıcı hekayələrindən danışaraq qeyd ediblər ki, indiyədək 250-dən çox şəhərdə sərgilənmiş monumental əsərləri dünya miqyasında tanınıb.

Sərgi nəsli kəsilməkdə olan canlıların gələcək taleyinə diqqət çəkir. Ekspozisiya fərqli, lakin ayrılmaz iki qəhrəman – “Dovşan xanım” və “İt adam” vasitəsilə “fərqliyik, amma bir-birimizlə harmoniya yaradaraq təbiətin qayğısına qala bilərik” ideyasını çatdırır.

Rəngarəng kiçik və iri heykəllər tamaşaçıları təbiətin qorunmasında ortaq məsuliyyət barədə düşünməyə çağırır və dünyaya vacib mesaj verir: vəhşi təbiəti sevgi ilə əhatə etmək və onu qorumaq. Bakı sərgisi həm də şəfqət, cəsarət və birlik haqqında hekayədir.