Azərbaycan.media xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinin “Global Times” nəşrinə müsahibəsində ölkənin nəqliyyat infrastrukturu üzrə həyata keçirdiyi layihələr barədə danışıb.
Nazirin sözlərinə görə, Azərbaycan BTQ (Bakı-Tbilisi-Qars) dəmir yolu xəttinin illik yükötürmə qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdırıb:
“Bu artım Şərq-Qərb marşrutu üzrə yüklərin daha sürətli və böyük həcmdə daşınmasına şərait yaradır”.
C. Bayramov dəhlizin səmərəliliyinə nümunə olaraq Çinin Sian şəhərindən çıxan blok qatarların Bakıya cəmi 11–12 günə çatmasını göstərib:
“Bu göstərici dəniz yolu ilə 45–60 gün çəkən daşımalarla müqayisədə Orta Dəhlizi qlobal ticarətdə ən cəlbedici marşrutlardan birinə çevirir”.
Nazir bildirib ki, tranzit potensialının artırılması məqsədilə Ələt Beynəlxalq Dəniz Ticarət Limanının gücü illik 15 milyon tondan 25 milyon tona çatdırılacaq:
“Eyni zamanda, ‘Bir Qurşaq, Bir Yol’ təşəbbüsü çərçivəsində gömrük və tranzit əməliyyatlarının tam rəqəmsallaşdırılması prioritet istiqamət kimi müəyyən edilib”.
Müsahibədə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi məsələsinə də toxunulub. Nazir qeyd edib ki, bu marşrut artıq beynəlxalq səviyyədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi tanınır:
“Mən əminəm ki, yaxın gələcəkdə bu dəhliz Orta Dəhlizin digər mühüm seqmentinə çevriləcək. Bu marşrut təkcə nəqliyyat bağlantısı deyil, həm də regional sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirən və bütün qonşu ölkələrə fayda verən layihə olacaq”.
