🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Nar şirəsinin faydalar

Nar şirəsinin faydaları və onu necə içmək lazımdır

Azərbaycan.media xəbər verir ki, nar şirəsi tərkibindəki bioaktiv maddələr səbəbilə uzun illərdir alimlərin diqqətini çəkir. Bu içkinin müntəzəm və ölçülü qəbulu ürək-damar sistemi, maddələr mübadiləsi və bağırsaq mikrobiotasına müsbət təsir göstərə bilər. Məhsulun keyfiyyəti, dozası və davamlı istifadəsi xüsusilə vacibdir.

Ürək və damarlar üçün faydası
Araşdırmalar göstərir ki, gündə təxminən 100–150 ml nar şirəsi ürəyin normal fəaliyyətini dəstəkləyə bilər. Nar şirəsi arterial təzyiqi azaltmağa və damarların elastikliyini yaxşılaşdırmağa kömək edir. Bu təsir sağlam insanlarda, həmçinin hipertoniyası, piylənməsi, metabolik sindromu və şəkərli diabeti olan şəxslərdə müşahidə olunur. Bu effekt əsasən şirədəki polifenolların güclü antioksidant xüsusiyyətləri ilə bağlıdır.

Bağırsaq mikrobiotasına və idrak funksiyasına təsiri
Nar şirəsinin polifenolları nazik bağırsaqda həzm olunmur, yoğun bağırsağa keçərək faydalı bakteriyalara qida rolunu oynayır. Bu probiotiklərin yaranmasını stimullaşdırır, maddələr mübadiləsini dəstəkləyir və immuniteti gücləndirir.

Son araşdırmalar göstərir ki, nar şirəsi beyinə qan axınını yaxşılaşdıraraq diqqət cəmlənməsini artırmağa kömək edir. Xüsusilə yaşlılar və xroniki stress şəraitində olan insanlar üçün faydalıdır.

Nar şirəsini necə içmək daha faydalıdır
Optimal miqdar gündə yarım stəkan hesab olunur. Şirəni günün birinci yarısında və ya yeməklə birlikdə içmək məqsədəuyğundur. Mədəsi həssas olan insanlar acqarına içməməlidir. Ən yaxşı nəticə uzunmüddətli və müntəzəm istifadədən əldə edilir. Məhsul seçərkən 100% təbii, əlavə şəkər və konsentrat olmayan variantları seçmək tövsiyə olunur.

Kimlər nar şirəsini ehtiyatla içməlidir
Qan durulaşdırıcı dərman qəbul edən şəxslər nar şirəsini ehtiyatla içməlidir. İçkidəki aktiv maddələr dərmanların təsirini dəyişə və yan təsirlərin, xüsusilə qanaxma riskinin artmasına səbəb ola bilər.