Azərbaycan.media xəbər verir ki, ABŞ Rusiyaya qarşı indiyədək böyük bir iqtisadiyyata tətbiq olunmuş ən geniş sanksiyalar paketini hazırlayıb və bu paketinin icrası Ukrayna ilə bağlı aparılan danışıqların gedişindən asılı olacaq.
Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Reuters agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, sanksiyaların tətbiqi danışıqlar masasında əldə olunacaq real irəliləyişlə birbaşa əlaqəlidir.
“Biz indiyə qədər böyük bir iqtisadiyyata qarşı hazırlanmış ən iri sanksiyalar paketini formalaşdırmışıq və onun tətbiqi danışıqlarda irəliləyişdən asılıdır”, – deyə Bessent vurğulayıb.
Nazir əlavə edib ki, Vaşinqton Rusiyaya təzyiqi artırmaq üçün sözdə “kölgə donanması”na qarşı əlavə məhdudiyyətlərin tətbiqini də istisna etmir.
Qeyd edək ki, daha əvvəl Bloomberg agentliyi adı açıqlanmayan Avropa rəsmilərinə istinadla ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar üzərində işlədiyini, lakin hazırda onların tətbiqinə dair konkret addımların müşahidə olunmadığını yazmışdı.
