Ehtiyacım var sənə..
Bir baxışın kifayət içimə işıq salar.
Bircə sözün yetər ki, mənim dərdim azalar.
Ümidimi,gücümü,sevgimi verdim sənə.
Nə olar qayıt mənə, ehtiyacım var sənə.
Hər addımda izini,adını unutmadım.
Bu sevgidə əhdini,andını unutmadım.
Ürəyimi isidən odunu unutmadım.
Nə olar qayıt mənə,ehtiyacım var sənə.
Sənsiz keçən hər günüm mənə bir ömür kimi.
Ürəyimdə elə bil bir qışqırıq var indi.
Zaman sürətlə gedir əlimdə çatmır sənə.
Nə olar qayıt mənə, ehtiyacım var sənə.
Analar..
Müəllif-Aysel İsmayılova.
Anaların üzü gülər sadəcə.
Ürəyində dağlar qədər dərdi var.
Balasıçün dua edər hər gecə.
Göz yaşında Allahına sığınar.
Susar o içində tufan qopanda.
Bir kimsəyə açmaz ürək dərdini.
Bəzən gülər kimsə bilməz o anda.
Bir şam kimi yandırar ürəyini.
Bir baxışda min söz deyər gizlicə.
Dözər hər acıya içindən yanar.
Ananın bir adı səbirdi məncə.
Əli qabar,saçı bəyaz analar.
Ta qədimdən kişi kimi qeyrətli.
Mərhəmətli,rəhmlidir analar.
Qəlbi gülməz,amma verər təsəlli.
Səbirli və möhkəm olan analar.
Yuxuma gələn şəhid
Vətənin qeyrət daşısan.
Ruhumun qan yaddaşısan.
Anaların göz yaşısan.
Yuxuma gələn şəhid.
Ruhun azadlıqla dolu.
Qəhrəmanlıq,zəfər yolu.
Cənnət etdin sağı,solu
Yuxuma gələn şəhid.
Düşmənin gözünü oydun.
Neçə həsrətə son qoydun.
Vətən ücün sən doğuldun
Yuxuma gələn şəhid.
Qorxuya saldın düşməni.
Müqəddəs bildin vətəni
El-oba tanıdı səni
Yuxuma gələn şəhid.
Vətənin şərəf adısan.
İlqarısan,Poladısan.
Ölümsüzlük nişanısan
Yuxuma gələn şəhid.
Müəllif: Aysel İsmayılzadə. Göyçay rayonu, Mirzəhüseynli kəndi
Mənbə: Azərbaycan.media
