🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çernobıl əlilliyi olan şəxslərə Naxçıvanda avtomobillər təqdim edilib

Azərbaycan.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək tədbirləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tədbir çərçivəsində Çernobıl faciəsi ilə bağlı əlilliyi olan 4 şəxsə minik avtomobili təqdim olunub.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Çernobıl AES-də baş vermiş qəzanın 40-cı ildönümü münasibətilə keçirilən görüşdə çıxış edən nazir Fərid Bağırzadə bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən etibarən sistemli şəkildə həyata keçirildiyini xatırladıb və bu siyasətin bu gün də davam etdirildiyini bildirib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin sosial siyasəti nəticəsində əlilliyi olan şəxslərə, o cümlədən Çernobıl hadisəsi ilə əlaqədar əlilliyi olan vətəndaşlara göstərilən dövlət dəstəyi ildən-ilə genişləndirilir. 2018-ci ildən icra edilən sosial islahat paketləri çərçivəsində onların sosial ödənişlərinin dəfələrlə artırıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, həmin kateqoriyadan olan şəxslərin mənzil və avtomobillə təminatı, reabilitasiya xidmətlərinə çıxışı, sanatoriya-kurort yollayışları və digər sosial dəstək mexanizmləri üzrə işlər ardıcıl şəkildə davam etdirilir.
Tədbir zamanı avtomobillə təmin edilən Çernobıl əlilliyi olan şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, bu dəstəyin onların sosial rifahına mühüm töhfə verdiyini vurğulayıblar.