🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan QHT-ləri Nyu-York meri Zöhran Məmdaniyə açıq məktub ünvanlayıb

Azərbaycan.media xəbər verir ki, bir qrup Azərbaycan vətəndaş cəmiyyəti nümayəndəsi “X” platformasında Nyu-York şəhərinin meri Zöhran Məmdani tərəfindən səsləndirilən fikirlərlə bağlı ona açıq məktubla müraciət edib.
AZƏRTAC-ın yaydığı məlumata görə, məktubda 1915-ci il hadisələri, eləcə də 2020–2023-cü illərdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı səsləndirilən fikirlər tənqid olunub və bu yanaşmanın qəbulolunmaz olduğu bildirilib.
Müraciətdə qeyd edilir ki, Nyu-York merinin açıqlamaları “reallıqdan uzaqdır” və bölgədə sülh prosesinə zidd təsir yaradır. Həmçinin sənəddə Cənubi Qafqazda mövcud sülh gündəliyinin əhəmiyyətinə diqqət çəkilərək, regionda normallaşma prosesinə dəstək verilməsinin vacibliyi vurğulanır.
Məktubda Azərbaycan tərəfi həmçinin Ermənistan-Azərbaycan münaqişəsi dövründə baş vermiş hadisələrə, o cümlədən Xocalı faciəsinə, işğal dövründə dağıdılmış mədəni irsə və mina təhlükəsinə də diqqət çəkib.
Sonda QHT nümayəndələri Nyu-York merini məsələyə daha geniş və balanslı yanaşmağa çağırıb, həmçinin mövzu ilə bağlı görüşə və əlavə məlumat təqdim etməyə hazır olduqlarını bildiriblər.