Azərbaycan.media xəbər verir ki, Somali sahilləri yaxınlığında 18 min barel neft daşıyan tanker silahlı qrup tərəfindən ələ keçirilib.
Hadisə beynəlxalq sularda, Somali sahillərindən təxminən 30 mil məsafədə baş verib. Məlumata görə, “Honour 25” adlı tanker fevralın 20-də Somalinin Berbera limanından yola düşüb. Gəminin marşrutu əvvəlcə Birləşmiş Ərəb Əmirlikləri istiqamətində olub, daha sonra isə strateji əhəmiyyətli Hörmüz boğazı ətrafında hərəkət edib və bir müddət qeyri-müəyyən istiqamətdə üzməyə davam edib.
Sonradan tanker yenidən Somali istiqamətinə yönəlib və məhz bu mərhələdə hücuma məruz qalıb. Altı silahlı dəniz qulduru sürətli qayıqlarla gəmiyə yaxınlaşaraq nəzarəti ələ keçirib. Daha sonra əlavə silahlı şəxslərin də gəmiyə mindiyi bildirilir.
Gəmidə ümumilikdə 17 heyət üzvü olub. Onların 10-u pakistanlı, 4-ü indoneziyalı, digərləri isə Hindistan, Şri-Lanka və Myanma vətəndaşlarıdır.
Məlumata görə, tanker ələ keçirildikdən sonra Somali sahillərində yerləşən Bandarbeyla istiqamətinə aparılaraq lövbər salınıb.
Hadisə ilə bağlı hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Eyni zamanda, gəmi heyətinin və yükün azad edilməsi üçün fidyə tələbinin olub-olmaması da dəqiqləşdirilməyib.
Beynəlxalq mənbələr, o cümlədən BBC, bölgədə dəniz təhlükəsizliyi risklərinin artdığını və enerji daşımalarının həssas mərhələyə daxil olduğunu bildirir. Somali sahilləri uzun müddətdir dəniz quldurluğu riskləri ilə tanınır.
