Azərbaycan.media xəbər verir ki, Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən Çapultepek Zooparkında qeyri-adi hadisə heyvansevərlərin diqqətini çəkib. Zooparkda yaşayan adi bir ev pişiyinin nəhəng benqal pələnginin yeməyini mütəmadi olaraq oğurlaması sosial mediada geniş müzakirələrə səbəb olub.
Məlumata görə, kürən pişik artıq bir neçə aydır ki, zoopark ərazisində pələngin qəfəsinə daxil olaraq onun yeməyini götürür. Zoopark əməkdaşları bildirirlər ki, pişiyin qəfəsə necə daxil olduğu hələ də aydın deyil. Müşahidə kameraları yalnız nəticəni qeydə alır – pişik böyük yemək qabının yanında peyda olur və daha sonra sakit şəkildə ərazini tərk edir.
Qeyd olunur ki, bu hadisə həftədə bir neçə dəfə təkrarlanır. Pişik adətən pələngin dincəldiyi və ya yatdığı vaxtı seçir. Maraqlıdır ki, zoopark əməkdaşlarının sözlərinə görə, pələng bu vəziyyətə aqressiv reaksiya vermir və pişiyin davranışına artıq öyrəşib.
Mütəxəssislər bildirirlər ki, iki heyvan arasındakı ölçü fərqi hadisəni daha da qeyri-adi edir. Benqal pələngi pişikdən onlarla dəfə ağır olmasına baxmayaraq, onun davranışı sakit və tolerant olaraq qalır.
Hadisə sosial şəbəkələrdə geniş yayılaraq istifadəçilər tərəfindən “qorxmaz pişik” kimi adlandırılıb və maraqla qarşılanıb.
