Azərbaycan.media xəbər verir ki, təzə pomidorun gündəlik qida rasionuna daxil edilməsi ilə bağlı mütəxəssislər onun sağlamlığa çoxsaylı müsbət təsirlərini qeyd edirlər. Həkimlərin fikrincə, pomidor həm qida dəyəri, həm də tərkibindəki vitamin və antioksidantlara görə orqanizm üçün faydalı məhsullardan biridir.
Mütəxəssislər bildirirlər ki, çiy pomidorlar aşağı qlikemik indeksə və yüksək lif tərkibinə malik olduğundan qanda şəkərin səviyyəsinin stabilləşməsinə kömək edir. Lif maddəsi şəkərin sorulmasını ləngidir, insulin həssaslığını isə yaxşılaşdıra bilər. Pomidorun tərkibində olan likopin isə güclü antioksidant kimi tanınır və insulin müqaviməti ilə mübarizədə rol oynaya bilər.
Həkimlərin qeyd etdiyinə görə, pomidorlar həmçinin orqanizmdə oksidativ stressi azaldır, bu isə iltihabi proseslərin zəifləməsinə və damar sağlamlığının qorunmasına müsbət təsir göstərir. Antioksidant və flavonoidlərlə zəngin olması səbəbindən pomidorlar immun sisteminin güclənməsinə də dəstək verir.
Bundan başqa, pomidorun aşağı kalorili və az karbohidratlı olması onu sağlam qidalanma üçün əlverişli edir. Mütəxəssislər bildirirlər ki, tərkibindəki epikatexin və resveratrol kimi maddələr də insulin həssaslığını artıraraq metabolik proseslərə müsbət təsir göstərə bilər.
Həkimlər ümumilikdə çiy pomidorun günün istənilən vaxtında qəbul edilməsini tövsiyə edir və onun sağlam qidalanma rasionuna daxil edilməsinin faydalı olduğunu vurğulayırlar.
