Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova bunu Azərbaycan.media-ya açıqlamasında deyib. Deputat AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ildönümü tamam olsa da, Rusiya tərəfinin bu müddət ərzində üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini təəssüflə diqqətə çatdırıb.

Deputat bildirib ki, təyyarə qəzasından bir ilin keçməsi, ilk növbədə, həlak olanların ailələri üçün bitməyən bir ağrının yenidən xatırladılmasıdır. Onun sözlərinə görə, zaman ötsə də, məsuliyyət və ədalət məsələsi aktuallığını itirmir:
“Bu bir il ərzində günahkar tərəfin davranışına nəzər salsaq, təəssüf ki, adekvatlıq baxımından ciddi suallar yaranır. Araşdırmaların gedişi, məsuliyyətin açıq şəkildə üzərinə götürülməsi və ictimaiyyətə dolğun məlumat verilməsi baxımından gözləntilər tam qarşılanmayıb. Bəzi mərhələlərdə proseslərin ləngiməsi və qeyri-müəyyənlik cəmiyyətdə haqlı narahatlıq doğurub. Belə faciələrdə şəffaflıq və məsuliyyət yalnız hüquqi deyil, həm də mənəvi borcdur”.
Millət vəkili Elnarə Akimova Rusiya tərəfini Azərbaycan dövləti və dövlət başçısının mövqeyinə uyğun şəkildə qətiyyətli davranmağa, günahkarların məsuliyyətə cəlb olunmasına çağırıb.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin mövqeyi bu məsələdə birmənalı və prinsipial olub:
“Cənab Prezidentin bu məsələdə nümayiş etdirdiyi qətiyyətli iradə onu göstərdi ki, Azərbaycan vətəndaşının həyatı və təhlükəsizliyi hər zaman dövlətin ali prioritetidir. Hadisəyə siyasi və ya formal yanaşma deyil, milli məsuliyyət prizmasından baxılması, müvafiq tapşırıqların verilməsi və məsələnin daim diqqətdə saxlanılması dövlət başçısının liderlik mövqeyinin bariz göstəricisidir”.
Deputat vurğulayıb ki, ədalətin tam bərqərar olması və bu cür faciələrin bir daha təkrarlanmaması üçün həm beynəlxalq, həm də institusional səviyyədə zəruri nəticələr çıxarılmalıdır. Onun sözlərinə görə, cəmiyyətin əsas gözləntisi də məhz budur.
