🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin yeni binası mediaya təqdim olundu

Azərbaycan.media xəbər verir ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasına media-tur təşkil edilib.

Media nümayəndələrinə fakültənin yeni binası barədə Biznes və İqtisadiyyat fakültəsinin dekanı Kamran Məlikov ətraflı məlumat verib.

Dekan bildirib ki, yeni binada müasir tədris infrastrukturu yaradılıb və bu şərait tədris, tədqiqat və inzibati fəaliyyətin daha səmərəli şəkildə həyata keçirilməsinə imkan verir. Onun sözlərinə görə, fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir, 505 tələbə isə bakalavriat səviyyəsində 7 ixtisas — iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır.

Kamran Məlikov qeyd edib ki, Prezident İlham Əliyevin iştirakı ilə dekabrın 23-də açılışı olan Biznes və iqtisadiyyat fakültəsinin yeni binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas otaqları, inzibati və professor-müəllim otaqları mövcuddur. Müasir universitet konsepsiyasına uyğun dizayn edilən binanın layihələndirilməsi və tikintisi zamanı dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsipləri əsas götürülüb.

Dekan vurğulayıb ki, yaradılan şərait fakültənin elmi-pedaqoji potensialının gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının artırılmasına, əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verən iqtisadiyyat və biznes yönümlü yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, eləcə də elmi-tədqiqat və innovativ fəaliyyətlərin genişləndirilməsinə imkan yaradacaq.

Onun sözlərinə görə, Biznes və iqtisadiyyat fakültəsinin yeni tədris binasının istifadəyə verilməsi Qarabağ Universitetində müasir kampusun formalaşdırılması istiqamətində mühüm addım olmaqla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda yüksəksəviyyəli ali təhsil ekosisteminin qurulmasına ciddi töhfədir.