Azərbaycan.media xəbər verir ki, mobil şəbəkələrdən bir il ərzində fasiləsiz siqnal almayan telefonlar üçün kritik mərhələ başlayıb.
Qanunvericiliyə əsasən, bu kateqoriyaya aid mobil cihazların IMEI qeydiyyatı 31 dekabr 2025-ci il tarixindən etibarən deaktiv ediləcək. 1 yanvar 2026-cı ildən isə həmin telefonların mobil şəbəkəyə çıxışı tamamilə dayandırılacaq.
Mütəxəssislərin hesablamalarına görə, hazırda təxminən 3 milyon mobil telefon bu risklə üz-üzədir. İstifadəçilər cihazlarının deaktiv edilməməsi üçün ilin sonuna qədər müvafiq addımlar atmalıdırlar.
Qeyd olunur ki, 2024-cü ildə qüvvəyə minən qaydalara əsasən, BTK-nın (İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumu) qeydiyyatında olan, lakin 1 yanvar–31 dekabr tarixləri arasında mobil şəbəkəyə qoşulmayan telefonlar “istifadə olunmamış cihazlar” kimi qiymətləndirilir. Bu halda həmin telefonların IMEI nömrələri aktiv bazadan çıxarılaraq passiv siyahıya salınır. Nəticədə cihaz işlək qalsa da, zəng etmək və mobil internetdən istifadə mümkün olmur.
Mütəxəssislər bildirirlər ki, telefonun sadəcə açıq vəziyyətdə qalması kifayət etmir. IMEI-nin aktiv qalması üçün cihaza aktiv SIM kart taxılmalı və telefon operatorun baza stansiyası ilə real əlaqə qurmalıdır. Yalnız bu halda cihaz sistemdə “aktiv” kimi tanınır.
