OK” – Dünyanın ən çox işlənən sözü

 

Professor, əməkdar jurnalist Qulu Məhərrəmli hesab edir ki, “OK” (okey) sözü müasir ünsiyyətin ən maraqlı və universallaşmış ifadələrindən biridir. Onun fikrincə, bu sözün bu qədər geniş işlənməsi heç də təsadüfi deyil. Cəmi iki hərfdən ibarət olan “OK” həm tarixi mənşəyi, həm də semantik imkanları ilə dünya dilləri arasında özünəməxsus mövqeyə malikdir. İnsanlar bu ifadəni bəzən düşünmədən, avtomatik şəkildə işlətsələr də, o, kommunikasiya prosesində çox qatlı və dərin funksiyalar daşıyır.

Qulu Məhərrəmlinin vurğuladığına görə, “OK” sözünün etimologiyası XIX əsrin Amerikası ilə bağlı olsa da, onun bu gün qazandığı qlobal miqyas həmin tarixi çərçivəni çoxdan aşır. Ən çox qəbul olunan versiya “oll korrect” kimi zarafatla yazılmış “all correct” ifadəsinin qısaldılmasıdır. Lakin məsələ bununla bitmir. 1840-cı illərdə ABŞ prezidenti Martin Van Burenin “Old Kinderhook” ləqəbi də sözün yayılmasında mühüm rol oynayıb. Onun tərəfdarları seçki kampaniyasında “Vote for OK” şüarından istifadə edirdilər və bu, ifadənin ictimai-siyasi leksikona daxil olmasına təkan verdi. Sonrakı dövrdə teleqraf rabitəsi “OK” sözünün qısa və dəqiq təsdiq forması kimi beynəlxalq səviyyədə standartlaşmasına səbəb oldu. Q.Məhərrəmli qeyd edir ki, məhz bu funksional sadəlik onu qlobal ünsiyyət koduna çevirib.

Professorun diqqət çəkdiyi əsas məqamlardan biri də “OK” sözünün semantik elastikliyidir. Bu ifadə müxtəlif situasiyalarda fərqli emosional və məna çalarları yarada bilir. Bəzən razılıq, uyğunluq və təsdiq mesajı verir, bəzən tam neytral, emosiyasız cavab rolunu oynayır. Bəzi kontekstlərdə isə bu söz artıq bir növ “söz möhürü”, yəni razılığın yazılı təsdiqi funksiyasını daşıyır. Qulu Məhərrəmlinin fikrincə, müasir rəqəmsal ünsiyyətdə – mesajlarda, qısa yazışmalarda, onlayn söhbətlərdə – “OK” bəzən bütöv cümlənin yükləndiyi funksiyanı öz üzərinə götürür.

Bu sözün qlobal fenomenə çevrilməsi də təsadüfi deyil. Dünyanın ən fərqli dillərində belə “OK” demək bir problemi, razılığı və ya anlaşmanı ifadə etmək üçün kifayət edir. Dil baryerlərini aşa bilməsi, anlaşılması üçün xüsusi bilik və ya dil səviyyəsi tələb etməməsi onu bəşəri kommunikasiya vasitələrindən birinə çevirir. Professor Məhərrəmlinin fikrincə, “OK” müasir insanın ünsiyyət ritmi, həyat tərzi və informasiya mübadiləsinin sürəti ilə ayaqlaşan nadir sözlərdəndir.

O, həmçinin bildirir ki, bu söz artıq sadəcə danışıq dilinin elementi deyil, həm də dilçilik və folklor tədqiqatlarının mövzusudur. Qulu Məhərrəmlinin 2019-cu ildə nəşr olunan “Məsəllər, deyimlər” etimoloji lüğətində “OK” barədə ayrıca qeydin yer alması göstərir ki, bu söz həm tarixi, həm semantik, həm də sosial-linqvistik baxımdan araşdırılmağa dəyər bir hadisədir. Onun fikrincə, qısa və sadə forması ilə yanaşı, mədəniyyətlərarası anlaşmanı təmin etmək gücü “OK” ifadəsini dil tarixi üçün də maraqlı nümunəyə çevirir.

Professor Qulu Məhərrəmlinin ümumi qənaətinə görə, “OK” müasir kommunikasiya məkanının ən kiçik, lakin ən təsirli razılıq işarəsidir. O, insanların bir-birini daha sürətli və dəqiq başa düşməsi üçün yaranmış universal kod kimi dünya dillərinin ortaq xəzinəsinə daxil olub və hələ uzun müddət də öz aktuallığını qoruyacaq. Bu kiçik söz həm gündəlik dilin, həm də dilşünaslıq tarixinin diqqətəlayiq nümunələrindən biri olaraq qalır.

Mənbə: Azərbaycan.media