Azərbaycan.media xəbər verir ki, sosial şəbəkələrdə Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi karvanın Suriyaya daxil olmasını əks etdirən görüntülərin həqiqiliyi təsdiqlənib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik Modern.az-a açıqlamasında bildirib ki, yayılan kadrlarda qeyri-adi heç nə yoxdur və bu hərəkətlilik Ankara ilə Suriya hökuməti arasında mövcud razılaşmanın bir hissəsidir.
Onun sözlərinə görə, bölgədə uzun müddət xidmət edən türk hərbi birlikləri yeni qüvvələrlə əvəzlənir və bu, adi növbə dəyişikliyidir:
“Türkiyə Silahlı Qüvvələri iki ölkə arasında mövcud olan razılaşma çərçivəsində öz mövqeyini qorumağa davam edir. Hazırda həyata keçirilən fəaliyyətlər uzun müddət xidmət edən birliklərin yerinə yenilərinin göndərilməsidir”.
Mətbuatda yayılan məlumatlara əsasən, Türkiyə ordusu Suriyaya üç istiqamətdən — Afrin, Rasulayn və Hələbin şimalı boyunca — irəliləyib. Xüsusilə Münbiç xəttinə doğru hərəkətin müşahidə olunduğu bildirilir.
Yerli KİV-lərin yazdığına görə, Dəməşq hökuməti bölgədəki kürd qüvvələrinin nəzarətində olan Deyr-əz-Zora artilleriya və PUA-larla dəstəklənən əlavə qüvvələr göndərib.
Türkiyə konvoylarında zirehli texnika ilə yanaşı müxtəlif logistik vasitələrin də olduğu qeyd olunur.
