Azərbaycan.media xəbər verir ki, “Bakı Metropoliteni” QSC qatar parkını genişləndirmək istiqamətində işlərini davam etdirir. QSC-dən Sərnişin məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə daha bir yeni nəsil qatar istismara verilib.
Ən son texnologiyalar əsasında hazırlanmış müasir vaqonlar bu il istismar müddəti başa çatan əvvəlki nəsil qatarların əvəzinə xəttə buraxılıb.
Bu yeniliklə metro xətlərindəki yeni nəsil vaqonların ümumi sayı 170-ə (34 qatar) çatdırılıb. Hazırda sazlama və komplektləşdirmə prosesində olan daha 10 vaqonun 2025-ci ilin sonunadək sərnişindaşımaya cəlb edilməsi planlaşdırılır.
Beləliklə, ilin sonunda Bakı metropolitenində istismarda olan yeni vaqonların sayı 180-ə (36 qatar) çatacaq. Dövlət Proqramına əsasən, 2030-cu ilədək əlavə 299 yeni nəsil vaqonun alınması nəzərdə tutulur.
