Azər TURAN
Azərbaycan.media xəbər verir ki, 1926-cı ildə Bakıda baş tutan Birinci Türkoloji Qurultay təkcə böyük elmi hadisə deyil, həm də bir filmin ssenarisini xatırladan dramatik tarixdir. Əgər o günlərin tammiqyaslı kino salnaməsi çəkilsəydi, dünya kinematoqrafiyasının ən təsirli sənədli filmlərindən birinə çevrilərdi. Qurultayda iştirak edənlərin böyük qismi 1937-ci ilin repressiyaları zamanı ya güllələnəcək, ya da sürgün düşərgələrində həlak olacaqdı.
Qurultay salonunda respublika rəhbərləri, nazirlər, alimlər, dilçilər, etnoqraflar, müxtəlif türk xalqlarının və müxtəlif siyasi cərəyanların nümayəndələri bir araya gəlmişdi. Azərbaycandan Mustafa Quliyev, Özbəkistandan İnoqamov, Türkmənistandan Perenqliyev, RSFSR-dən Naqovitsın, Yakutiyadan Baraxov, Dağıstandan Qorxmazov və Məmmədbəyov…
Bu insanların hamısı – istisnasız olaraq hamısı – 1937-ci ildə “xalq düşməni” damğası ilə güllələnəcəkdi.
Türk dünyasının bu böyük toplanışında mənzərə çoxşaxəli idi:
– Özbək Xalid Səid Azərbaycan türkoloqu idi.
– Kazandan Qubaydullin türkmənlər haqqında yazırdı.
– Eston əsilli Zifeld türk dilləri ilə məşğul olurdu.
– Krımlı Çobanzadə türkoloji elmin ən parlaq simalarından biri idi.
Amma onların böyük əksəriyyəti də repressiyalardan qurtula bilmədi.
Mərkəzi Asiyada Baytursunovla Çobanzadəni bir-birinə bağlayan “pantürkist əlaqələr” ittiham üçün yetərli idi. Nə Baytursunov, nə Bəkir Çobanzadə 1937-ci ildən sağ çıxdı.
Qurultayda iştirak edən yeganə qadın – Ayna Sultanova, onun həyat yoldaşı Həmid Sultanov və qardaşı Qəzənfər Musabəyov… Hər üçü eyni ilin eyni qaranlıq mexanizmi tərəfindən məhv ediləcəklərdi.
Hətta müxtəlif dünyagörüşlərindən gələn adamlar – millətçi Pepinovla bolşevik Həbib Cəbiyev – bir neçə il sonra eyni taleyi yaşayacaqdılar. Xristian rahib, çuvaş millətçisi və türkoloq Petrov da güllələnəcəkdi.
Qurultayın fonunda insan taleləri vardı. Başqırd alimləri Gəldiyev və Alparov bir mədrəsədə oxumuş, bir yerdə türkmən dilinin qrammatikasını yazmışdılar. Onlardan biri 41 yaşında, digəri 47 yaşında dünyasını vaxtsız dəyişdi. Eston Artur Zifeld sürgündən qayıda bilmədi. Çex Roqdayev Daşkənddə sürgündə öldü.
Krım türklərinin nümayəndələri – Çobanzadə, Osman Akçoraklı, Həsən Səbri Ayvazov, Nedim Mahmut – hamısı bir şəkildə repressiyaların qurbanına çevrildi. Eyni aqibət Kazan tatarlarının, Dağıstan ziyalılarının və bir çox başqalarının da taleyində təkrarladı.
Türkoloji Qurultay pantürkist ruhu ilə seçilirdi. Yakut ziyalısı Baraxov dil birliyinin vacibliyini açıq şəkildə bildirir, latın əlifbasına keçidin bütün türk xalqlarının birləşməsində mühüm rol oynayacağını deyirdi. O dövrün siyasi kontekstində bu, təhlükəli ideya idi.
Orfoqrafiya, əlifba, terminologiya müzakirələri əslində türk dünyasının Birinci Dünya müharibəsindən və Rusiya imperiyasının çökməsindən sonra yenidən öz kimliyini qurmaq cəhdləri idi.
1920-ci illərdə Rusiya ərəb əlifbasından qoparmaq üçün kirilə keçidi planlaşdırsa da, planın qarşısını latın əlifbası aldı. Bolşevizmin dini kimliyi dağıtmaq planı qarşısına türk mütəfəkkirləri milli kimlik ideyasını qoymuşdular.
Qurultayın rəsmi stenoqramında olmayan, amma faktiki iştirak edən bir çox şəxs də vardı: İsmayıl Hikmət, Qurultayın katibi Əli Yusif, alim Qriqori Çursin…
Qurultayın ilk qurbanı isə məhz Əli Yusif oldu. Türkiyə nümayəndələri ilə əlaqəsinə görə 1926-cı ildə həbs olundu, Solovki düşərgəsinə göndərildi və 1937-ci ildə Daşkənddə güllələndi.
Bütün bu talelər Türkoloji Qurultayı əhatə edən qaranlıq panoramanın yalnız bir hissəsidir.
Qurultay günlərində Bakıda çəkilmiş çoxsaylı fotolardan biri xüsusilə diqqət çəkir: Messaroş, Köprülü, Mentzel, Hüseynzadə və Vittek bir kadrda. Bu kadr Türkoloji Qurultayın beyin mərkəzidir.
Qurultay dövrünün Bakısı türk dünyasının intellektual paytaxtına çevrilmişdi: “Leyli və Məcnun” operasına baxış, Şirvanşahlar sarayı, Gəncə səfəri, kinoxronikada əks olunan Məmməd Səid Ordubadinin “Bismillah” filmi…
Həmin günlərdən xatirələrdə Hüseyn Cavidin göz yaşları, Əli bəy Hüseynzadənin vətən həsrəti, Rzaqulu Nəcəfzadənin oxuduğu Füzuli qəzəli qalıb.
Qurultayın Azərbaycan nümayəndələrindən biri – Ruhulla Axundov – illər sonra Mircəfər Bağırovun tabeliyində fəaliyyət göstərən NKVD tərəfindən işgəncələrlə öldürüləcəkdi. Tarixçi Anarın məşhur cümləsi vəziyyəti dəqiq ifadə edir:
“Müzakirələr 1926-cı ildə Bakıda başladı, 1937-ci ildə NKVD zirzəmilərində tamamlandı.”
Həmin illərin dualizmi bu idi: bir yanda Sarabski “Mustafa Kamal Paşa” mahnısını oxuyurdu, o biri yanda zalın divarında Leninin iri portreti asılmışdı. Zəki Vəlidi Toğanın Leninlə söhbətində toxunduğu “mənşə” mövzusu isə bu mənzərəni daha da simvolik edirdi.
Türkologiya prosesi davam edir.
Bir əsr keçib.
Hələ də suallar var, hələ də araşdırmalar davam edir.
Qurultayın yaratdığı elmi dalğa və onun arxasınca gələn repressiya fırtınası türk dünyasının ən kədərli, ən dərindən oyulmuş yaddaş səhifələrindən biridir.
Azərbaycan.media
16 noyabr 2025
