“Allah rəhmət eləsin” və məsələ bitdi — amma təəssüf ki, belə hadisələrdən dərs çıxarmırıq.
Yadınızdadırsa, illər əvvəl də bir binanın üzərinə çəkilən material alışmış, nəticədə bir neçə nəfər, o cümlədən gənc ana və kiçik yaşlı uşaqlar həyatını itirmişdi. Onların faciəsi isə demək olar ki, unudulmuşdu.
Xüsusilə çoxmərtəbəli binalarda təhlükəsizlik məsələlərinə ciddi diqqət yetirilməlidir. Hər mərtəbədə yanğınsöndürən balonları, tüstü detektorları olmalı, binanın ümumi çıxış və qaçış yolları isə daim açıq və işıqlanmış vəziyyətdə saxlanmalıdır.
Mən başa düşmədim: bu dəfə qapını açıb aşağı düşməyə çalışanlar tüstüdən boğuldular, yoxsa içəridə qalanlar? Belə vəziyyətdə içəridə qalmaq daha təhlükəsiz idi, yoxsa bayıra çıxmaq? Məsələn, həmin binada yaşayan və görüntüləri kameraya çəkən bir jurnalist qapını açıb bayırdakı tüstü-dumanı sənədləşdirmiş, sonra isə yenidən qapını bağlamışdı. Şükür ki, o sağ qalıb.
Mən bu hadisədən öyrəndim ki:
Qaçış yolları, pilləkən qəfəsləri və fövqəladə çıxışlar heç vaxt bağlanmamalı, daim saxlanmalı və işıqlandırılmalıdır.
Liftlər yanğın zamanı istifadə edilməməlidir. Binada sakinləri məlumatlandıran maarifləndirici elanlar asılmalıdır.
Sakinlər üçün ildə ən azı bir dəfə təlim keçirilməlidir: yanğın zamanı necə davranmalı, qapı açılanda tüstünün içəri dolmaması üçün nə etməli və əgər mənzildə qalmaq daha təhlükəsizdirsə, necə davranmalı.
Qapı açılanda güclü tüstü varsa, onu dərhal bağlamaq, dəlikləri isladılmış parça ilə kip bağlamaq və pəncərə tərəfə keçib kömək gözləmək daha təhlükəsiz ola bilər.
Bütün bu tədbirlər gələcək faciələrin qarşısını ala bilər. Yanğın təhlükəsizliyi hər birimizin məsuliyyətidir.
Mənbə: Azerbaycan.media
