Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva Lənkəran şəhərində bir sıra tədbirlərdə iştirak ediblər.
Səfər çərçivəsində onlar Lənkəran şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “ANİMAFİLM Lənkəranda” animasiya filmləri festivalına qatılıblar. Festivalda “Tarix”, “Həmişəyaşıl”, “Narqız”, “Pulun dili”, “Soyuz Qraviton”, “Yer və Ay” və “Bum-bum” animasiya filmləri nümayiş etdirilib.
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bildirib ki, geniş auditoriya qarşısında ilk dəfə təqdim olunan “Bum-bum” filmi Xalq şairi Vaqif Səmədoğlunun eyniadlı poemasının motivləri əsasında hazırlanıb. “Yer və Ay” qısametrajlı animasiya filmi isə Azərbaycan və Özbəkistan animasiya ustalarının birgə istehsalıdır. Tədbirdə iştirak edən məktəbəqədər təhsil müəssisələrinin müəllimləri və şagirdlər filmləri böyük maraqla izləyiblər.
Qeyd olunub ki, uşaqların təhsili və inkişafına xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu tədbir Azərbaycan animasiya sənətinin azyaşlılar arasında təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
