Avstraliyada sahilə çıxan nəhəng “qiyamət balığı” rekord qırdı

Azərbaycan.media xəbər verir ki, Avstraliyanın Tasmaniya əyalətinin sahilində nadir və “fəlakət xəbərçisi” kimi tanınan nəhəng balıq aşkar edilib. Yerli sakin tərəfindən tapılan balığın uzunluğu təxminən üç metr olub.

“The Guardian”ın məlumatına görə, bu, indiyə qədər sahilə çıxmış ən böyük “qiyamət balığı” hesab olunur.

Makkuori Universitetinin balıq mütəxəssisi, professor Kulum Braun bildirib ki, bu növ balıqlar yalnız xəstə və ya ölmək üzrə olduqları zaman sahilə çıxırlar: “Bu, çox qeyri-adi balıqdır. Onların uzunluğu səkkiz-doqquz metrə qədər çata bilər, lakin 200–1500 metr dərinlikdə yaşadıqları üçün onlara çox az rast gəlinir”.

Xatırladaq ki, “qiyamət balığı”nın sahilə çıxmasının zəlzələ və ya sunami kimi təbii fəlakətlərin xəbərçisi olduğuna dair xalq inancı mövcuddur.