Azərbaycan.media xəbər verir ki, azərbaycanlı dramaturq İsmayıl İmanın eyniadlı pyesi əsasında rejissor Jandos Aybasovun çəkdiyi “37 nömrəli” (2025) filmi Qazaxıstanda tamaşaçılara təqdim edilib. Ekran işi terror hücumu nəticəsində həlak olduğu düşünülən və 15 il sonra gözlənilmədən ailəsinin yanına qayıdan Rəsulun hekayəsini əks etdirir.
Premyera günü Almatıda İsmayıl İmanın 2017-ci ildə yazdığı “Astara bağları” pyesi əsasında ŞAM Almatı teatrı tərəfindən hazırlanmış tamaşanın yubiley – 100-cü və son nümayişi keçirilib. Müsrəvpov adına Teatrın bədii rəhbəri, Qazaxıstanın tanınmış rejissoru Fərhad Moldaqalinin quruluşunda səhnələşdirilən tamaşa ölkənin iri şəhərlərində nümayiş olunaraq 100 mindən çox tamaşaçı tərəfindən izlənilib. Əsər dramaturq Əlişir Rahat tərəfindən qazax dilinə tərcümə olunub. Həmçinin həmin günlərdə “Astara bağları” da daxil olmaqla, pyes tərcümələrindən ibarət toplu nəşr edilib.
İsmayıl İman son hadisələrlə bağlı bildirib ki, mətninin başqa ölkədə, əvvəlcə səhnədə, indi isə ekranda səslənməsi onun üçün həm sevindirici, həm də həyəcanvericidir: “Bu, artıq öz müstəqil həyatı olan bir uşaq kimidir – başqa dildə danışır, tanınır və sevilir. Tamaşa Qazaxıstana uyğunlaşdırılsa da (“Astara bağları” əvəzinə “Balxaş gölü”), əsərin mahiyyəti dəyişməz olaraq qalır – insan hekayəsi, münasibətlərin kövrəkliyi və dramı”. Dramaturq qeyd edib ki, film pyesin populyarlığı və aktyor heyətinə əsaslanaraq süjet baxımından orijinal tamaşaya daha da yaxınlaşıb.
Diqqətəlayiq məqamlardan biri odur ki, teatr tamaşasının aktyor heyəti demək olar, tam şəkildə filmin ekranlaşdırılmasında da iştirak edib. Bu, Qazaxıstanda bir teatr tamaşasının ilk film adaptasiyası kimi tarixə düşüb. Filmdə baş rolları Yerkebulan Dayırov, Asan Majit, Zarina Karmen və digər aktyorlar canlandırıblar. “Sham Films”in dəvəti ilə İsmayıl İman həm tamaşanın son nümayişində, həm də filmin təqdimatında iştirak edib.
