Azərbaycan.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının Ermənistanla bağlı siyasətini tənqid edib.
O bildirib ki, Aİ ölkələri “mifik Rusiya təhlükəsi” fonunda hərbiləşmə kursu götürərək Ermənistanı öz forpostuna çevirməyə çalışır. Zaxarovanın sözlərinə görə, bu yanaşma İrəvanın üçüncü ölkələrin maraqlarına xidmət etməmək barədə rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.
Diplomat qeyd edib ki, Ermənistanın öz ərazisində Aİ-nin “yeni missiya”sının yerləşdirilməsinə razılıq verməsi ölkə rəhbərliyinin Avropa istiqamətində irəliləyiş əldə etmək istəyi ilə bağlıdır.
Zaxarova vurğulayıb ki, Ermənistanın Aİ-yə üzvlük kursu seçəcəyi təqdirdə bunun milli iqtisadiyyat və əhalinin rifahına mənfi təsirlərini azaltmaq üçün Avropa tərəfindən real dəstək veriləcəyi şübhə altındadır. Onun fikrincə, Aİ digər ölkələrə də vəd versə də, praktikada bu dövlətlərə real yardım göstərilmir və onlar daha çox siyasi məqsədlər üçün istifadə olunur.
