Azərbaycan.media xəbər verir ki, Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş vaxtlarda ehtiyatda olan hərbi qulluqçuların toplanışları həyata keçirilir.
Məsələ ilə bağlı hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, bu təlimlər bütün ölkələrin ordularında tətbiq olunan normal prosesdir və əsas məqsəd hərbi hazırlığın artırılmasıdır.
Onun sözlərinə görə, təlimlərə əsasən orduda ehtiyac duyulan ixtisaslar üzrə ehtiyatda olan şəxslər cəlb olunur. Bu şəxslər hərbi xidmət zamanı müəyyən ixtisaslara yiyələnmiş və qeydiyyata alınmış kadrlardır. Ordudan tərxis olunduqdan sonra həmin ixtisaslara ehtiyac yarandıqda onlar yenidən təlimlərə çağırılır.
Ekspert qeyd edib ki, bu toplanışlar əvvəl qazanılmış bilik və bacarıqların təkmilləşdirilməsi məqsədi daşıyır və ordunun döyüş qabiliyyətinin artırılmasına xidmət edir.
O da vurğulanıb ki, təlimlərə cəlb olunmamaq üçün xüsusi imtiyaz nəzərdə tutulmayıb. Lakin çağırışlar mərhələli şəkildə həyata keçirilir və bütün ehtiyatda olan şəxslər eyni vaxtda təlimlərə cəlb edilmir.
İbrahim Rüstəmli əlavə edib ki, dünyada mövcud olan gərginlik və münaqişələr fonunda ordunun hazırlıq səviyyəsinin yüksək saxlanılması zəruridir və bu səbəbdən belə təlimlərin keçirilməsi müntəzəm xarakter daşıyır.
