Azərbaycan.media xəbər verir ki, Fransanın PSJ klubunda çıxış edən cinah oyunçusu Xviça Kvaratsxeliya Gürcüstanda ilin futbolçusu adına layiq görülüb. Gürcüstan millisinin üzvü bu titulu beşinci dəfə qazanmaqla ölkə futbolunun əfsanəsi Kaxa Kaladzenin rekordunu təkrarlayıb.
2025-ci il Kvaratsxeliya üçün son dərəcə uğurlu olub. Gürcü futbolçu PSJ forması ilə altı kubok qazanaraq mövsümə damğa vurub. O, Fransa Liqa 1-in, Fransa Kubokunun, Fransa Super Kubokunun qalibi olmaqla yanaşı, UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və FIFA Qitələrarası Kubokunu da muzeyinə əlavə edib.
Xviça Kvaratsxeliya mövsüm ərzində əvvəlki klubu “Napoli” ilə də uğur qazanaraq İtaliya A Seriyasının çempionu olub.
Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
