🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyində sərgilərlə tanış oldu

Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib. Onu muzeydə direktor Əminə Məlikova və rəssam Emil Əziz qarşılayıblar.

Ziyarət zamanı Leyla Əliyeva ilk olaraq Emil Əzizin hazırda muzeydə nümayiş olunan “Naxış və siluet” adlı fərdi sərgisi ilə tanış olub. Təxminən 50 əsəri əhatə edən sərgi rəssamın Azərbaycan xalçaçılığının zəngin irsini və ənənəvi naxışları müasir bədii dildə yenidən təsvir etdiyini nümayiş etdirir. Sərgidə Qarabağ atlarının təsvirləri və qadın portretləri xüsusilə diqqət çəkir, naxış və siluetlər xalça motivlərinin ritmi ilə ustalıqla birləşdirilib. Sərgi yanvarın 12-dək davam edəcək.

Daha sonra Leyla Əliyeva Azərbaycanın Əməkdar rəssamı Faiq Əhmədin “Faiq Əhməd: 2011–2024-cü illər” adlı retrospektiv sərgisini ziyarət edib. Sərgi müəllifin yaradıcılığının əsas mərhələlərini əhatə edir və ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşmasını göstərir. Faiq Əhmədin əsərləri beynəlxalq səviyyədə tanınır və dünyanın aparıcı muzeylərində nümayiş olunur.

Ziyarət çərçivəsində Leyla Əliyeva görkəmli rəssam, alim və Azərbaycan Milli Xalça Muzeyinin təsisçisi Lətif Kərimova həsr olunmuş sərgi ilə də tanış olub. Muzeydə Leyla Əliyevaya Lətif Kərimovun müəllifi olduğu xalçalar, eskizlər və arxiv materialları təqdim edilib. Qeyd edilib ki, 2026-cı ildə onun anadan olmasının 120 ili tamam olur.

Ziyarət zamanı muzeyin III mərtəbəsində yenilənmiş sərgi ilə də tanışlıq olub. Burada müasir müəllif xalçaları və dekorativ-tətbiqi sənət nümunələri – keramika, ağacoyma, batik, qobelen, bədii şüşə və digər əsərlər nümayiş olunur. Sərgidə Eldar Mikayılzadə, Eldar Hacıyev, Samirə Allahverdiyeva, Çingiz Babayev, Tariel Bəşirov, Ali Pariyab və digər müasir Azərbaycan xalçaçılığının ustaları iştirak ediblər.

Leyla Əliyevanın ziyarəti Azərbaycan Milli Xalça Muzeyinin milli xalça sənətinin qorunması, öyrənilməsi və təbliğində, həmçinin tarixi irsi müasir bədii proseslərlə birləşdirən önəmli rolunu bir daha vurğulayıb.