🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bazarlarda qiymətlər enir: meyvə-tərəvəz ucuzlaşır

Azərbaycan.media xəbər verir ki, havaların isinməsi ilə bazarlarda meyvə və tərəvəzin qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur.
Musavat.com-un apardığı müşahidələrə əsasən, paytaxtın 8-ci kilometr bazarında həm məhsul çeşidi artıb, həm də qiymətlər alıcılar üçün daha əlverişli olub. Mövsümi məhsulların bolluğu bazarda qiymətlərin aşağı düşməsinə əsas səbəb kimi göstərilir.
Hazırda bananın kiloqramı 3 manat, alma 1,30–1,50 manat, armud isə 1,50 manatdan başlayan qiymətlərlə təklif olunur. Pomidorun qiymətində daha ciddi eniş qeydə alınıb – bir müddət əvvəl 4 manata satılan məhsul indi 2,50 manatdan başlayır.
Xiyarın qiyməti təxminən 50 qəpik ucuzlaşaraq 1,50 manata düşüb, bəzi satıcılarda isə 2 manata təklif olunur. Badımcanın kilosu 1,70 manatdan, yaşıl bibər isə orta hesabla 2,50 manatdan satışdadır. Təzə lobyanın qiyməti də 10 manatdan 8 manata enib.
Kartof və soğanın qiymətində isə sabitlik müşahidə edilir. Soğan 50 qəpikdən, təzə kartof 1,50 manatdan, köhnə kartof isə 1 manatdan başlayan qiymətlərlə satılır.
Meyvələr arasında ən böyük ucuzlaşma çiyələkdə qeydə alınıb. Əvvəllər 4 manatdan aşağı olmayan çiyələk hazırda 2 manatdan başlayır. Alça isə kəskin ucuzlaşaraq 75–100 manatdan 20 manata düşüb, bəzi növləri isə 6–7 manata təklif olunur.
Sitrus meyvələrində də qismən ucuzlaşma var – mandarin və portağal 2,5 manatdan satışdadır. Göyərtinin qiyməti isə dəyişməz qalaraq 20 qəpik səviyyəsindədir.
Mütəxəssislər qeyd edir ki, mövsümün təsiri ilə məhsul bolluğunun artması qiymətlərin daha da enməsinə səbəb ola bilər. Bu isə həm alıcıların xərclərinə müsbət təsir göstərir, həm də bazarlarda alış-verişi canlandırır.