🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qarabağ şikəstəsi…- Günel Natiq yazır

Şuşada yenə məclis qurulmuşdu. Xanəndə məlahətli səsi ilə məclisi riqqətə gətirmişdi. Qonaqlar yerbəyerdən “Qarabağ şikəstəsini” oxumağı xahiş edirlər. Xanəndə oxumağa başlayır; onun zəngulələrində «Daşaltı» çayının səsi, «Topxana» bülbüllərinin cəh-cəhi, «Qaya başı»ndakı kəkliklərin qaqqıltısı, «İsa bulağı»nın pıçıltısı eşidilir, doğma yurdun nəfəsi duyulurdu.
Mən aşiqəm Qarabağ,
Qara salxım, qara bağ,
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
“Qarabağ şikəstəsi” yurdlarımızın tarixidir, yaddaşıdır, təbiətidir. “Qarabağ şikəstəsi” sönməz sənət qaynağıdır. “Qarabağ şikəstəsi” ruhumuzla bütövləşən mənəvi abidədir.
“Qarabağ şikəstəsi” həm də ölməz sənətkarların yaşam hekayətidir.  O sənətkarlar ki, zəngulələri bütün Qarabağı haraylayar, dinləyənləri sehirləyib möcüzəli duyğular aləminə aparardı.
Deyirlər Keçəçi oğlu bu havanı elə oxuyurmuş ki, ətrafdakı dağlara səs salırmış. Hacı Hüsü məclisdə “Qarabağ şikəstəsi”ni oxuyanda onun zil və qaltanlı səsi Qaya başında, Cıdır düzündə eşidilərmiş. Aşıq Abbasqulunun “Qarabağ şikəstəsi”ni gənclik şövqü ilə oxuması dinləyiciləri vəcdə gətirərmiş.
Malıbəyli Cümşüd, Xan Şuşinski, Məşədi Məmməd… Deyilənə görə, ustad sənətkarlar məşhur Şərq konsertlərində “Qarabağ şikəstəsi”ni həm də birlikdə ifa edərlərmiş. Qaryağdı oğlu Cabbar, Şəkili Ələsgər və Keçəçi oğlu Məhəmmədin birgə ifası dillərdə dastana çevrilib. Cabbar Qaryağdıoğlunun Ağdaş səfəriylə bağlı belə bir əhvalat var:
Belə söyləyirlər ki, bir dəfə gecədən xeyli keçmiş Qarabəy karvansarasında qurulan bir məclisdə Sadıqcan tarı sinəsinə basıb «Qarabağ şikəstəsi» çalır, Cabbar da ilhamla oxumağa başlayır. Çox çəkmədən şəhər əhli yuxudan oyanıb evlərin damlarına çıxaraq, bu qeyri-adi səsə təəccüblə qulaq asırlar. Camaat Qarabəyin karvansarasına sarı axışır. Polis rəisi bu hadisədən təşvişə düşüb atlı kazaklarla karvansaraya gəlir. Kazaklar nə qədər çalışırsa, camaatı dağıda bilmirlər. Nəhayət, Cabbar şikəstəni bitirir, adamlar onun bir daha oxumayacağını yəqin etdikdən sonra çıxıb gedirlər.
“Qarabağ şikəstəsi”nin sədaları xanəndələrin hansı uzaqlıqda olmasından asılı olmayaraq onların səsini bir-birinə qovuşdururdu. Deyilənə görə, Mehralı oğlu Bahadır şikəstəni oxuyanda  səsini uzaqlardan eşitmək olardı. O vaxtlar Xan Şuşinski «Şəhər bulvarı» deyilən məkanda oxuyardı. Bahadırın səsini eşidəndə o da şikəstəyə başlardı. Hər iki xanəndə aralarındakı 2 verstlik məsafəni qət edib, sanki, bir-birilə Qarabağ bülbülləri kimi yarışardılar.
“Qarabağ şikəstəsi” bizim üçün birlik rəmzidir, onun sədaları altında biz özümüzü dərk edir, ulu yaddaşa və özümüzə qayıdırıq.  Həmişə düşünmüşəm ki, “Qarabağ şikəstəsi” bütün taleyimizi özündə sığdırıb və zaman- zaman bizi nələrdənsə agah etməyə çalışıb.  Bu havanı eşidəndə bizim üçün axar sular dayanıb. Dünya səssizliyə qərq olub. Ya da bütün dünya vətən dilində danışıb.
“Qarabağ şikəstəsi” sanki bir xalqın taleyini nəql edib. Ona görə də gah hüznün ifadəsi, gah da qürurun təntənəsi kimi səslənib. 100 kərə də eşitsək, hər dəfə eyni hissləri yaşamışıq. Sanki ilk dəfə imiş kimi. İlk duyğuların həyəcanı kimi. İlk duyğuların məhrəmliyi kimi. Yurdu ancaq bu qədər gözəl sevmək olar- “Qarabağ şikəstəsi”ni yaradacaq qədər.
“Qarabağ şikəstəsi” həm sevincli, həm də dərd-ələmli anlarda duyğularımızı bölüşüb. Həm Qarabağda, həm Qarabağdan uzaqda bizə eyni duyğuları yaşadıb. Onu dinləyəndə gözlərimiz önündə ellərimizin füsünkar təbiəti, başıqarlı dağları, səfalı meşələri, coşğun çayları canlanıb, harda olmağımızdan asılı olmayaraq özümüzü vətəndə hiss etmişik, Qarabağın havasını duymuşuq, nisgilimizi ovutmuşuq. Ruhumuz təzələnib, yaddaşımız oyanıb. “Qarabağ şikəstəsi” öz əzmi, güc və qətiyyətilə bizi mübarizliyə səsləyib, qələbəyə doğru aparıb.
Bu illər ərzində Qarabağa qayıtmaq eşqi, inamı bizi həm də ona görə tərk etməyib ki, mənəvi abidələrimiz bizim gözləntilərimizi, ümidlərimizi yüksəldib. “Qarabağ şikəstəsi”ni yaradan xalq o yurdlardan məhrum ola bilərmi? Tək bu muğam bizə ixtiyar verir ki, “o yurdlar bizə məxsusdur”, deyək.
“Qarabağ şikəstəsi” yalnız olmuşların deyil, həm də olacaqların havasıdır. Bu möhtəşəm əsərdə ulu yaddaş, ağrı- acılarımız və bu ağrıların qələbəylə başa varacağı gerçəkliyi öz ifadəsini tapıb. Şanlı qələbəmiz bu havaya yeni anlam qatıb. İndi Qarabağ şikəstəsi – “Şuşa, sən azadsan” deyə könlümüzdən qopan sədadır, bu qədim yurdun zəfər himnidir.
Müəllif: Günel Natiq
Mənbə: Azərbaycan.media