Azərbaycan.media xəbər verir ki, ötən ilin yanvar ayında Qax rayonunun Qaxbaş kəndində yerli məhkəmənin hakimi Taleh Kərimovun vəfatı faktı üzrə açılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
36 yaşlı hakimin dəm qazından zəhərlənərək həyatını itirməsi ilə əlaqədar “Azəriqaz” İB-nin Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində nəzarətçi-çilingər vəzifəsində çalışan C.Bayramov cinayət məsuliyyətinə cəlb edilib.
İstintaq zamanı müəyyən edilib ki, onun xidməti ərazisində yerləşən və mərhumun kirayədə yaşadığı mənzildə istilik sistemi – kombi hamam otağında quraşdırılıb. Hadisədən bir müddət əvvəl çilingər həmin ünvanda baxış keçirsə də, kombinin hamamda quraşdırılmasını qayda pozuntusu kimi rəsmi sənədləşdirməyib.
Bu səbəbdən C.Bayramova qarşı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) ilə ittiham irəli sürülüb. 66 yaşlı təqsirləndirilən şəxs ifadəsində bildirib ki, mənzilə mərhum hakimlə birlikdə baxış keçirib və kombinin hamam otağında yerləşdirilməsinin qaydalara zidd olduğunu şifahi şəkildə qeyd edib. Lakin bu nöqsanı rəsmi aktla qeydə almayıb.
Qax Rayon Məhkəməsinin hökmünə əsasən, C.Bayramova iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Qərara əsasən, onun qoluna elektron nəzarət vasitəsi – qolbaq taxılıb və müəyyən hüquqlarına məhdudiyyətlər tətbiq olunub.
