Azərbaycan.media xəbər verir ki, uzun illər “Ailələr, talelər” verilişi ilə tamaşaçıların yaddaşında iz qoyan tanınmış televiziya aparıcısı, Əməkdar artist Nailə İslamzadə Azərbaycan teleməkanındakı mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb. O, musavat.com-a müsahibəsində bağlanan sosial verilişlər, televiziya siyasəti və efir mədəniyyəti barədə danışıb. Aparıcı bildirib ki, müəyyən proqramların efirdən yığışdırılması onların idarə olunmasındakı problemlərlə bağlı olub. İslamzadənin sözlərinə görə, sosial verilişlər cəmiyyət üçün faydalı ola bilər, lakin onların düzgün vaxtda və peşəkar şəkildə təqdim edilməsi vacibdir: “Problem verilişin özündə deyil, onun idarə olunmasındadır. Əgər aparıcılıqda və məzmunda düzəlişlər olsaydı, bu proqramlar daha baxımlı ola bilərdi”. O, Azərbaycan teleməkanında keyfiyyətli verilişlərin mövcud olduğunu vurğulayaraq televiziya sahəsində “pis kanal” anlayışının olmadığını qeyd edib. Bildirib ki, əsas meyar verilişin səviyyəsi və tamaşaçıya verdiyi dəyərdir. Əməkdar artist televiziya fəaliyyətinin əsas istiqamətlərinə də diqqət çəkib: “Televiziyanın üç əsas missiyası var: informasiya vermək, maarifləndirmək və əyləndirmək. Bu prinsiplər qorunmalıdır. Televiziya kazino deyil; dəyər itirilərək qazanılan pul əslində itkidir”. Nailə İslamzadə beynəlxalq televiziya formatlarının uğurla tətbiq oluna biləcəyini, lakin onların milli xüsusiyyətlərə uyğunlaşdırılmasının vacibliyini də qeyd edib. Aparıcı efir mədəniyyəti və televiziya aparıcılarının xarici görünüşü ilə bağlı səsləndirilən suallara da münasibət bildirib. Onun sözlərinə görə, efirdə peşəkarlıq əsas meyardır: “Qadın gözəl olmaq istəyir, bu normaldır. Amma şişirtmə ilə gözəllik olmur. Efirin öz qayda-qanunu var. Bunları bilməyən insanlar efirə buraxılmamalıdır”. İslamzadə vurğulayıb ki, aparıcılıq peşəsi yalnız xarici görünüşlə deyil, savad, mədəniyyət və peşəkarlıqla ölçülür.