🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıya yağan dolunun səbəbi açıqlanıb

Azərbaycan.media xəbər verir ki, aprelin 14-də Bakıya yağan dolu paytaxtda nadir müşahidə olunan təbiət hadisəsi kimi diqqət çəkib.
Musavat.com-ın məlumatına görə, coğrafiya elmləri doktoru Səid Cəfərov hadisəyə münasibət bildirərək yaz aylarında havanın qeyri-sabit keçdiyini və lokal meteoroloji proseslərin proqnozlaşdırılmasının çətin olduğunu qeyd edib.
Mütəxəssis bildirib ki, dolu hadisəsi əsasən konvektiv proseslərlə – yəni topa buludların yaranması ilə bağlıdır. Onun sözlərinə görə, dolu yalnız həmin buludların yerləşdiyi ərazilərdə müşahidə olunub: “Harada ki həmin buludlar var idi, oraya dolu düşüb”.
Məsələ ilə bağlı Milli Hidrometeorologiya Xidməti də açıqlama verib. Qurumun məlumatına əsasən, dolu Azərbaycanda daha çox dağlıq və dağətəyi ərazilər üçün xarakterikdir, Abşeron yarımadasında isə bu hadisə nadir hallarda və qısamüddətli şəkildə müşahidə olunur.
Qeyd olunub ki, dolu hadisələri əsasən ilin isti yarısında, xüsusilə yaz aylarında baş verir və bəzi illərdə may–iyun dövründə də qeydə alına bilər. Mütəxəssislər rütubət və temperatur artımı fonunda yaxın aylarda belə yağıntıların daha da güclənə biləcəyini istisna etmirlər.