Azərbaycan.media xəbər verir ki, bu gün Bakı şəhərinin Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.
“Azərişıq” ASC-nin verdiyi məlumata əsasən, aprelin 16-da Maştağa ETSİ-nin ərazisində yerləşən 35/6 kV-luq 492 saylı yarımstansiyada 16 MVA gücündə yeni transformatorun şəbəkəyə qoşulması həyata keçiriləcək.
Bu səbəbdən saat 12:00-dan 16:00-dək Maştağa və Ramana qəsəbələrinin, həmçinin Savalan daş karxanası yaşayış ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd olunub ki, yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilər daha stabil və keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
