Azərbaycan.media xəbər verir ki, Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Hadisə köhnə Ələt–Astara magistralının 213-cü kilometrliyində, Bürcəli kəndi ərazisində qeydə alınıb.
Məlumata əsasən, 1989-cu il təvəllüdlü Sadir İlyas oğlu Həmzəyev idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən ötmə manevri zamanı idarəetməni itirib və maşın yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Nail Sehran oğlu Ağayev müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, N.Ağayevin həyatını xilas etmək mümkün olmayıb.
Digər şəxsin müalicəsinin isə xəstəxanada davam etdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Eyni ərazidə daha bir yol qəzası qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hər iki hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
