🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Nailə İslamzadə: ‘Söz mənim üçün dəyərdir, təhrifə yol verilməməlidir’”

Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Nailə İslamzadə 44 illik efir təcrübəsinin onun üçün sadəcə peşə deyil, sözə məsuliyyət, tamaşaçıya hörmət və illərlə qazanılmış etibar demək olduğunu bildirib. O qeyd edib ki, bu yolu addım-addım, şəxsi davranışı, çıxışları və prinsipləri ilə formalaşdırıb və heç vaxt ucuz sensasiya və ya reytinq naminə sözünü dəyərsizləşdirməyib.
Lakin Əməkdar artist vurğulayıb ki, eyni yanaşma hər zaman qarşı tərəfdə müşahidə olunmur. Onun sözlərinə görə, tələsik alınan müsahibələr, razılaşdırılmadan seçilən başlıqlar və kontekstdən çıxarılan ifadələr onun adından yanlış təqdim olunur. O, “Şişmə dodaqla aparıcılıq olmur”, “Nailə İslamzadədən tikanlı sözlər” kimi başlıqların jurnalist tərəfindən formalaşdırıldığını, lakin oxucuya sanki onun fikri kimi təqdim edildiyini deyib.
Nailə İslamzadə bildirib ki, qısa müsahibə zamanı səsləndirilən bəzi fikirlər düzgün çatdırılmayıb və bunun sübutu kimi səs yazısının mövcud olduğunu da xatırladıb. Onun sözlərinə görə, bir insanın fikrinin dəyişdirilməsi və ya ona aid olmayan ifadənin onun adına yazılması yolverilməzdir və bu, sadəcə mətnin deyil, həm də insanın özünün təhrifidir.
O əlavə edib ki, bu cür hallar sadəcə yanlışlıq deyil, həm də peşə məsuliyyətsizliyidir. Bu səbəbdən müsahibələrdən uzaqlaşmağa başladığını bildirən Nailə xanım qeyd edib ki, fikirlərin düzgün çatdırılmaması nəticəsində tez-tez yanlış başlıqlar və kontekstdən kənar təqdimatlar yaranır.
Eyni zamanda o, bütün jurnalistləri eyni çərçivəyə salmadığını, sözə hörmət edən, peşəkar və savadlı media nümayəndələrinin olduğunu xüsusi vurğulayıb. Onun iradının isə məhz məsuliyyətsiz yanaşma və reallığın reytinq xatirinə təhrif olunması ilə bağlı olduğunu deyib.
Sonda Nailə İslamzadə bildirib ki, əgər onun sözünə və müsahibələrinə peşəkar yanaşma göstərilməyəcəksə, gələcəkdə onunla müsahibə üçün müraciət edilməməsini üstün tutur. Onun sözlərinə görə, söz onun üçün sadəcə cümlə deyil, illərlə qorunan bir dəyər və məsuliyyətdir.

 

Mənbə: Azərbaycan.media