Azərbaycan.media xəbər verir ki, dövlət hakimiyyətinin ələ keçirilməsinə yönələn hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Qənimət Zahid və digər şəxslərlə bağlı cinayət işi üzrə mətbuata rəsmi məlumat təqdim olunub. Bildirilib ki, ictimaiyyətə əlavə məlumatlar veriləcək.
Məlumatda qeyd olunub ki, açıqlama müəyyən videogörüntülər və səs yazılarının yayımı ilə müşayiət edilib. Sözügedən materialların bir sıra faktların mahiyyətinin aydınlaşdırılmasına, gizli məqamların üzə çıxarılmasına və Azərbaycan ictimaiyyətində geniş müzakirələrə səbəb olduğu vurğulanıb.
Redaksiyamızın əldə etdiyi məlumatlara əsasən, hazırda həmin məsələlərlə bağlı daha geniş həcmli audio və video materialların yayımlanacağı gözlənilir.
Qeyd edək ki, dövlətin və xalqın maraq və mənafeyinə qarşı yönəlmiş cinayət əməllərinin birbaşa təsbit olunduğu materialların istintaq çərçivəsində ictimaiyyətə təqdim edilməsi, eləcə də zaman keçdikcə müəyyən sənəd və sübutların məxfilikdən çıxarılaraq açıqlanması dünya təcrübəsində geniş tətbiq edilən praktika hesab olunur.
