Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Munich Security Conference çərçivəsində jurnalistlərə açıqlamasında müharibənin dayandırılması üçün əsas rolun ABŞ-a məxsus olduğunu bildirib.
O qeyd edib ki, müharibədən sonrakı təhlükəsizlik zəmanətlərinin gücləndirilməsi məqsədilə ABŞ Konqresi konkret addımlar atmalıdır.
“Düzünü desəm, bu gün yalnız Avropa Ukraynanı müdafiə edir, maliyyə və hərbi yardım göstərir. Amma Putini yalnız ABŞ dayandıra bilər”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri əlavə edib ki, ABŞ tərəfindən, xüsusilə də Donald Trump tərəfindən müəyyən siqnallar verilir və kompromis vaxtının çatdığı bildirilir.
“Onlar deyirlər ki, kompromis vaxtıdır, irəli doğru addımlar atmalıyıq. Biz artıq bir çox güzəştlərə getmişik. Putin və onun yaxın ətrafı hələ də həbsdə deyil. Bu, dünyanın indiyə qədər etdiyi ən böyük güzəştdir. Biz atəşkəsə razılaşdıq, lakin Putin bundan imtina etdi”, – deyə Zelenski bildirib.
O, beynəlxalq ictimaiyyəti Ukraynaya dəstəyin davam etdirilməsinə və təhlükəsizlik zəmanətlərinin gücləndirilməsinə çağırıb.
