Əlim heç nəyə yatmır..
Ürəyim su kimidi.
Qanadım yox, uçuram,
Bədənim qov kimidi..!
Küləklər öpüb qaçır
Solğun yanaqlarımdan.
Günəş şəfəqlərini
Toxuyur saçlarıma..
Dağ döşü,yol qırağı..
Kol dibi evim olur.
Yerdə yerim göynəyir,
Göy oyum-oyum olur.
Donumun çiçəkləri
Dağılır çəmənliyə.
Gözlərimin yuxusu
Yayılır çəmənliyə…
Arılar, kəpənəklər
Fırlanır başım üstə.
Pətək-pətək bal yığır
Bir qız yaddaşı üstə..
Axşam düşür, ay çıxır,
Şeh düşür yarpaqlara.
Tökülür gül misralar,
Ağappaq varaqlara…
Şahnaz Şahin
Mənbə: Azərbaycan.media
