Azərbaycan.media xəbər verir ki, “Teleqraf” Media Qrupu və Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı uşaqların telefon, internet və virtual mühitə aludəçiliyi mövzusunda keçirilən ictimai müzakirədə çıxış edib.
Publika.az-ın məlumatına görə, o, “Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi” mövzusunda təşkil olunan tədbirdə bildirib ki, telefon və internet kimi vasitələrdən istifadə qaçılmaz prosesdir və onları inzibati qadağalarla məhdudlaşdırmaq, eləcə də tam təcrid etmək doğru yanaşma deyil.
Aynur Camalqızı qeyd edib ki, rəqəmsal mühitin müsbət imkanlarından faydalanmaq və gələcək nəslə inamla yanaşmaq vacibdir. Onun sözlərinə görə, ictimai müzakirələrdə Z nəslinə dair tənqidi yanaşmalar səslənsə də, reallıq tam fərqlidir:
“44 günlük Vətən müharibəsində 3000 şəhid verdik və onların əksəriyyəti Z nəslinin nümayəndələri idi. Bu fakt göstərir ki, biz deyilən qədər pessimist olmamalıyıq”.
O vurğulayıb ki, istənilən platformanın həm müsbət, həm də mənfi tərəfləri olur və əsas məqsəd pozitiv yanaşmanı önə çəkməkdir. A.Camalqızının fikrincə, uşaqların təhlükəsizliyi önəmlidir, lakin texnologiyadan istifadəyə nəzarət sərhədli olmalıdır:
“Uşaqları tamamilə təcrid etsək, qorxaq nəsil yetişəcək. Belə nəsil isə cəmiyyətə lazım deyil”.
Aynur Camalqızı həm Z, həm də Alfa nəslinin intellektual baxımdan fərqləndiyini deyərək, onlarla dost münasibətinin qurulmasının vacibliyini qeyd edib. O, valideynləri uşaqlarla daha çox ünsiyyət qurmağa çağırıb:
“Biz tez-tez uşaqların telefona və rəqəmsal mühitə asılılığından şikayətlənirik, amma etiraf etməliyik ki, əslində özümüz də asılıyıq. Uşaqlar da bunu bizdən görüb öyrənirlər”.
O, həmçinin təhsil sahəsində köhnəlmiş metodlardan imtina edilməsinin, interaktiv dərslərə üstünlük verilməsinin zəruriliyini vurğulayıb. A.Camalqızının sözlərinə görə, cəmiyyət rəqəmsal proseslərə gec qoşulub:
“Birinci və İkinci Dünya müharibələri nəticəsində çox sayda düşünən beyin, alim və ziyalı məhv edildi. Buna görə də rəqəmsal cəmiyyətə təxminən 100 il gec çatdıq”.
Sonda o qeyd edib ki, uşaqları texnologiyadan qorumaq və təcrid etmək əvəzinə, onlarda rəqəmsal mühitə qarşı immunitet formalaşdırmaq lazımdır və bu məsuliyyət ilk növbədə ailələrin, daha sonra isə təhsil müəssisələrinin üzərinə düşür.
